Sabirabad Regional Mədəniyyət İdarəsində ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yerlərdəki mədəniyyət müəssisələrinin gələcək fəaliyyəti ilə bağlı təkliflərin hazırlanması məqsədilə Şura iclası keçirilib.

İdarənin rəisi Əhməd Ramazanov mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının önəmini vurğulayıb. İclasda mədəniyyət müəssisələri şəbəkəsini optimallaşdırmaq, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, daha təkmil muzey fəaliyyətinin təşkili, musiqi məktəbləri, mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların, rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər bildirilib.

Təkliflərin ümumiləşdirilərək Mədəniyyət Nazirliyinə təqdim edilməsi qərara alınıb.