Rusiyanın “Biznes-Dialoq-Media” nəşriyyat-kommunikasiya qrupunun baş direktoru Mariya Suvorovskayanın Azərbaycan dilinə tərcümə edilmiş “Kaçeli nad Kaspiem” (“Xəzər üzərində yelləncəklər”) kitabının Bakıda təqdimatı keçiriləcək.

Bu barədə məlumat verən müəllif deyib: “Bu ilin martında Bakıya səfərim zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüm oldu. Görüşdə mənim “Kaçeli nad Kaspiem” kitabımın Azərbaycan dilinə tərcüməsindən danışdıq. Budur, artıq mayda Bakıda həmin kitabın təqdimatını keçirəcəyik”.

Suvorovskayanın sözlərinə görə, onun daha bir layihəsi – “World Business Guide. Аzerbaijan” Azərbaycanın Rusiya və dünyanın digər ölkələri ilə işgüzar qarşılıqlı fəaliyyətinə həsr olunacaq. O əlavə edib: “Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bizim layihəmizi dəstəklədi. Yeni jurnal Azərbaycanda nəşr ediləcək. “World Business Guide. Аzerbaijan” jurnalı sahibkarlıq əlaqələrinin qurulmasına, potensial tərəfdaşların və maraqlı təkliflərin üzə çıxarılmasına, yerli sahibkarların mal və xidmətlərinin təbliğinə, əməkdaşlıq körpülərinin yaradılmasına kömək edəcək”.

Mariya xanım daha sonra deyib: ”Bu da hələ hamısı deyil. Bəstəkar Olesya Yaroslavskaya mənim “Ya dışu Baku” şeirimə mahnı bəstələyib. Biz bu mahnıya klip çəkmişik və tezliklə müğənni və bəstəkar Rüstəm Zeynallı ilə birgə işimizə Azərbaycanın televiziya kanallarında baxmaq mümkün olacaq. Sizə daha bir sirr açım: klipdə Bəhram Bağırzadə də çəkilib”.