Zaqatala rayon Mədəniyyət Mərkəzində bu torpaqlarda məskunlaşan saxur xalqı haqqında “Salnaməfilm” kinostudiyasının çəkdiyi “Saxurlar” sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirin əvvəlində Mədəniyyət Nazirliyinin, rayon İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndələri və filmin yaradıcı heyəti Zaqatala və Qax rayonlarında yaşayan saxurların həyat tərzini, məişəti, mətbəxi, adət və ənənələrini əks etdirən sərgi ilə tanış olublar.

Təqdimat mərasimində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadə, filmin ssenari müəllifi Qorxmaz Şıxalıoğlu və başqaları çıxış edib.

Sonra film nümayiş olunub. Sözügedən filmin çəkilişində iştirak edən zaqatalalı rəssam Əhməd Davudov və onun şagirdləri də filmi izləyiblər.

Filmin nümayişi başa çatdıqdan sonra saxur xalqının musiqi və rəqslərindən ibarət proqram və qədim tambur alətində ifalar təqdim olunub.

Azsaylı xalqın nümayəndəsi Əhməd Davudov çıxış edərək Zaqatalanın tolerantlıq nümunəsi, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasından danışaraq, onlara göstərilən diqqətə görə saxurlar adından ölkə rəhbərliyinə və Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. 

* * *

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində isə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” kinostudiyasının Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov haqqında çəkdiyi “İki əsgər” sənədli filminin təqdimatı olub.

Filmin ssenari müəllifi Qorxmaz Şıxalıoğlu və rejissoru Vəli Səidov çıxış edərək ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər.

Sonra filmə baxış olub. Vətənin müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək canlarını belə əsirgəməyən, nəsillərə örnək olmuş ata və oğulun – Əhmədiyyə və Mikayıl Cəbrayılovların qəhrəmanlıqlarından bəhs edən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Filmin təqdimatı başa çatdıqdan sonra ailənin böyük oğlu Cavanşir Cəbrayılov çıxış edərək ekran əsərinin ərsəyə gəlməsində zəhməti olan bütün insanlara ailəsi adından minnətdarlığını bildirib.