Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu, Azərbaycan xalqı üçün təkcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. 1993-cü ilin 15 iyunu Azərbaycanın müstəqil dövlətçiliyi üçün qurtuluş tarixidir.

Milli Qurtuluş Günü münasibətilə respublikamızın şəhər və rayonlarında Mədəniyyət Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə müvafiq region üzrə icra hakimiyyətləri və regional mədəniyyət idarələrinin rəhbərliyi və nümayəndələri, mədəniyyət və təhsil işçiləri, yerli sakinlər iştirak ediblər. Tədbirlərdə Milli Qurtuluş Günü barədə məlumat verilib, bu günün əhəmiyyətindən bəhs olunub, sərgilər, konsert proqramları təqdim edilib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Qurtuluş Günü münasibətilə tədbirlər təşkil olunub.

Sumqayıtın Tarixi Muzeyində rəssam Tofiq Əhmədovun fərdi sərgisi nümayiş olunub. N.Nərimanov adına Mədəniyyət Mərkəzində burada fəaliyyət göstərən kurs və dərnəklərin, özfəaliyyət kollektivlərinin konserti keçirilib. Nizami Gəncəvi adına Kitabxana-klubda “Qurtuluşdan başlanan yol” adlı oxucu konfransı keçirilib. C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivi N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

***

Tovuz Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət mərkəzinin özfəaliyyət dərnəyi və Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi müəllimlərinin hazırladığı bayram konserti təqdim olunub.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə müxtəlif tədbirlər təşkil olunub.

Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində “Müstəqillik qurtuluşdan başlayır” mövzusunda, Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, Qusar rayonundakı Heydər Əliyev Mərkəzində “Qurtuluşdan başlayan tərəqqi”, Şabran Tarix-Diyarşünaslıq Muzeyində “Tarixə ehtiram – gələcəyə inam”, Siyəzəndəki Heydər Əliyev Mərkəzində “Milli intibaha doğru” adlı tədbirlər keçirilib. Quba rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinin oxucuları üçün şəhərdəki Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

***

Masallı şəhərindəki Heydər Əliyev parkında rayon İcra Hakimiyyəti və N.Gəncəvi adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. Mədəniyyət mərkəzinin solistləri instrumental ifaçıların müşayiəti ilə mahnılar oxuyublar. Konsertdə tanınmış müğənni İzzət Bağırov, Əməkdar artist Səidə Şərifəliyeva da çıxış edib. “Halay” folklor musiqi və rəqs ansamblının, “Masallı” rəqs qrupunun ifaları da alqışlarla qarşılanıb.

***

Kürdəmir rayon Mərkəzi kitabxanasında “Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə sənədli film, Uşaq kitabxanası oxucularının ifasında ədəbi kompozisiya və sərgi nümayiş etdirilib.

***

Ağdaş rayon Mərkəzi kitabxanasında 1 saylı şəhər Gənclər kitabxanası ilə birlikdə tədbir keçirilib. Mövzu üzrə çıxışlardan sonra ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən “Milli qurtuluşdan intibaha” adlı sənədli film nümayiş olunub.

***

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Salyan rayon Qarabağlı kənd Diyarşünaslıq evi, Dayıkənd kənd Mədəniyyət evi rayon Mədəniyyət mərkəzi ilə birlikdə əyləncəli konsert proqramları təşkil edib.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəb kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub. Tərtər rayon Heydər Əliyev Mərkəzində isə Milli Qurtuluş Günü mövzusunda açıq dərs keçirilib.

***

Zərdab rayon Mərkəzi kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar “Açıq kitabxana” təşkil olunub. Tədbirdə 100-dən artıq kitab, jurnallar, disklər və əl işləri nümayiş olunub.