Mədəniyyət, incəsənət, milli mətbəx bir arada

Memar-rəssam Nurlan Yusifov Türkiyədə Azərbaycanı tanıdan bir sıra əsərlərin müəllifidir. Ankaranın Keçiörən rayonunda salınan Xocalı parkındakı abidə, Qızılcahamam rayonunda Xocalı park-muzeyi sənətkarın əməyinin məhsuludur. Ankarada ən böyük və gözəl parklardan biri olan Heydər Əliyev parkının yenilənməsi də Nurlan Yusifovun memarlıq üslubu əsasında ərsəyə gəlib.

2011-ci ildə parkın yenilənməsi ilə bağlı qərar qəbul edildikdə N.Yusifovun rəhbərliyi altında hazırlanan layihə Azərbaycan və Türkiyə rəsmiləri tərəfindən qəbul edilir. Tanınmış memar bildirir ki, həmin layihə üzrə 2012-ci ildə başlanan işlər iki il davam edib: “10 hektarlıq ərazi Türkiyə dövləti tərəfindən park salınmaq üçün Azərbaycana verilib. 2005-ci ildə parkda böyük öndər Heydər Əliyevin heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanan heykəli qoyulub. Bizə isə parkı yeniləmək həvalə olundu. Onu da qeyd edim ki, bu parkın konsepsiyası Türkiyədəki parklardan fərqlidir. Biz çalışdıq ki, o, Bakı parklarına bənzəsin. Bu məqsədlə şam ağacları da daxil olmaqla Bakıdan müxtəlif ağaclar gətirilib əkildi”.

Hazırda parkda fəaliyyət göstərən amfiteatr və kafe də N.Yusifovun təklif etdiyi layihə üzrə inşa olunub. Memar bu barədə deyir: “Hər parkda bir kafe olmalıdır. Məsələn, bir ailə parka gəlir, bəzən olur ki, uşaq yorulur, su, çay istəyir. Bu parkın ətrafında da satış yerləri yoxdur. Ona görə də parkın içərisində kafeyə ehtiyac var idi. 2014-cü ildə yenilənmə işləri başa çatdı”.

 

Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi

 

2018-ci ildə Nurlan Yusifov həm də Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyini qurub. Kafeyə isə Azərbaycanın milli naxış elementi olan butanın (“Buta Bakı”) adı verilib. Hazırda bütün fəaliyyətlər bu dərnək çərçivəsində həyata keçirilir. Beləliklə, Türkiyədə Azərbaycan parkı deyə tanınan bu məkanda həm ölkəmizin mədəniyyəti təbliğ edilir, həm də milli mətbəx nümunələri təqdim olunur. Nəticədə görülən işlər bir-birini tamamlayır.

Həmsöhbətim deyir ki, “Buta Bakı” kafesi sanki mədəniyyət evidir: “Bura gələn insan Bakı haqqında məlumat alır, film seyr edir, musiqi dinləyir. Qonaqlara təqdim etdiyimiz menyu da Azərbaycan mətbəx nümunələrindən ibarətdir. Çay, kəllə qənd, noğul, mürəbbə və s. Azərbaycandan gəlir. Bizim mətbəx zənginliyi, yeməklərimiz sakinlərin də xoşuna gəlir”.

Qeyd edək ki, qısa müddətdir ki, fəaliyyətə başlasa da, bu məkan Ankarada məşhurluq qazana bilib. Nəinki sadə vətəndaşlar, dövlət adamları da buraya gəlir. Ankara Böyükşəhər Bələdiyyəsinin müxtəlif ölkələrdən Türkiyəyə təşrif gətirən qonaqlarını da burada görmək mümkündür. Ən çox sevdikləri yemək isə “Şah plov”dur. Tanınmış elm və siyasət adamı, Türkiyə Cümhuriyyəti Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi “Buta Bakı”ya gələn qonaqlar sırasındadır. Budəfəki gəlişi reportaj hazırladığım günə təsadüf etmişdi. O, fikirlərini belə ifadə etdi: “Bu məkan açılandan bəri artıq 6-cı dəfədir ki, gəlirəm.

Çox gözəl qarşılayırlar. Azərbaycanın gözəl yeməklərini dadıram. Dovğa, qutab, kabab, plovu çox bəyənirəm. Qardaş Azərbaycan süfrəsi əsl türk süfrəsidir. Azərbaycan musiqiləri altında onları dadmaq insana zövq verir”.

 

Gələcək planlar – musiqi festivalları

 

“Buta Bakı”da müxtəlif mədəniyyət tədbirləri keçirilir. Nurlan Yusifov: “Ayda bir dəfə tanıtım axşamları keçiririk. Qışdan bəri isə muğam axşamları düzənləyirik. Özümüzün muğam triomuz var. Bu il milli bayramımız olan Novruzu möhtəşəm şəkildə qeyd etdik. Bu tədbirlərin hər biri anşlaqla keçir”.

Gələcək planlardan da bəhs edən həmsöhbətim bildirir ki, Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin xətti ilə musiqi festivalları düzənləməyi də düşünürlər: “İşbirliyi olarsa, daha böyük layihələrə imza ata bilərik. Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə tədbirlər keçirmişik. Bu istiqamətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq qurmaq fikrindəyik. Azərbaycanın musiqi qruplarını yay festivallarımıza dəvət etməyi düşünürük. İstəyirik ki, bu tədbirlərimiz insanların yaddaşında iz buraxsın və Azərbaycan mədəniyyətini bu məkandan Türkiyəyə yayaq”.

Mehparə SULTANOVA
Ankara