Yeni nəşrlər
   
   İnsan dünyaya gələndə ovcu - əlləri sıxılmış olur: sanki baxın, yer-göy əlimin içindədir - deyir. Elə ki, alın yazısını, qismət payını başa vurur, onda əlləri açıq qalır. Elə bil deyir: baxın, özümlə heç nə aparmıram. İnsan var, yaşayır. Boylu-buxunlu duruşu, görünüşü ilə sayılıb-seçilir. Amma dəyəri, xidməti, şərəfi yadda qalmır. İnsan da var, haqq dünyasına qovuşanda onun ölməz, unudulmaz xatirələri göz önündə canlanır. Onun portreti elə bil indicə danışacaq, sevinc-fərəhini qədirbilənlərlə bölüşəcək. Belə tarixi şəxsiyyətlərdən, sözlə, poetik duyumla el-obasını, millətini zirvələrə ucaldanlardan biri də həmişəyaşarlıq qazanmış Xalq şairi Bəxtiyar Vahabzadə olub.
 
  
   Gərək keçmiş zamanda yazmayaydım. Axı, o, çoxları üçün bu gün də yaşayır. Bu yaxınlarda işıq üzü görmüş "Bəxtiyar Vahabzadə ədəbiyyat yolunda, yaxud şairsiz ötən bir ilimiz" (ADPU-nun nəşriyyatı, Bakı - 2010) kitabını oxuduqca buna bir daha şahid olursan.
   Bəxtiyar Vahabzadə zamanın, dövrün, quruluşun çətin, amansız sınaqlarından məğrurluqla, cəsarətlə çıxan yaradıcı şəxsiyyət, pedaqoq olmuşdu. Mühit onu sıxırdı, əzirdi, lakin ideyasından, xalqsevərliyindən döndərə, çəkindirə bilmirdi. Çünki milli dəyərlərinə, qeyrətinə, sağlam düşüncəsinə, saf əməlinə, əqidəsinə güvənirdi. O, 84 il ömür yaşadı. Bu müddət ərzində heç vaxt, heç kimə əyilmədi, həmişə başıuca gəzdi. Yaradıcılığında qeyrəti, namusu, azərbaycançılığı, torpağımızı, dağımızı, bağımızı min bir həvəslə təsvir-tərənnüm etdi.
   Doğrudur, əvəzində zamanın quruluşu tərəfindən zillətlərə məruz qaldı. Lakin özü demiş: bir canda bir ürək olar. Onun ürəyi işgəncələrə tab gətirdi. Ancaq əqidəsindən dönmədi. Sağlam düşüncəsi, saf əməli, yaradıcılığı ilə yaşadı. Bu qənaətimin sonunda ulu öndər Heydər Əliyevin olduqca dəyərli, müdrik, müqəddəs fikirlərini xatırlayıram: "Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. O, hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarında belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışdır".
   Sözügedən yeni nəşrdə mənim də "Hər sözü bir ulduz, bir şəffaf almaz..." xatirə-yazımda Bəxtiyar müəllimi özümə təkcə müəllim yox, həm də mənəvi ata kimi xatırlamışam.
   46 il əvvəl onun Hüsü Hacıyev, 19 ünvandakı mənzilinə getmişdim. Gəlişimin məqsədini soruşdu, dedim. Telefonun dəstəyini qaldırıb, o zaman populyar olan sovet tarixindən dərs deyən rəhmətlik Xəlil Əlimirzəyevə zəng etdi. "Sabah yanına bir tələbəmiz gələcək, ona yüksək qiymət ver. O, sovet tarixini bilməsə də, Azərbaycan tarixini yaxşı bilir..." - dedi. Müqəddəs ruhunuz şad, əbədi-əzəli ünvanınız behiştlik olsun, şəxsən mənim üçün həmişəyaşar şəxsiyyət, canlı klassik Bəxtiyar müəllim.
   Kitabda olduqca dəyərli qəbul etdiyim belə bir cümləyə rast gəldim: "Onun özü bir universitet idi". Bu, həqiqətən də belə idi. Dərs dediyi tələbələrə təkcə milli ədəbiyyatımızın olaylarını - dünənini, bu gününü, sabahını tədris etmirdi, həm də doğma xalqının hünərindən, qeyrətindən, azadlıqsevərliyindən qədərsiz məhəbbətlə danışardı. Ondan eşitdiyim, bir zaman bəlkə də etinasız qəbul etdiyim bu misralar yenidən xatirəmdə canlanır, yaddaşımda oyanır:
   
   Vətəni sevirəm deyən çox olar,
   Deməyə nə var ki, dil yorulmasa?
   Vətən də bizimtək ölər, yox olar,
   Vətənin yolunda ölən olmasa!
   
   Uzun illər Bəxtiyar müəllimlə dostluq etmiş Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Nahid Hacızadənin topludakı xatirələrində oxuyuruq: "...O, elə bil ayrıca universitet idi. Biz Bəxtiyar sözünün sehrinə düşmüşdük, ondan aralanmırdıq. Deyərdi: "Sənət heyrətdən, yanğıdan yaranır..." Bəxtiyar Vahabzadə geniş qəlbli, təmiz ürəkli, işıqlı təfəkkürlü yaradıcı, pedaqoq, böyük şəxsiyyət idi. Onun hər misrasını isimin altı halında da duymaq, anlamaq mümkündü..."
   Nahid müəllim unudulmaz şairimizi varlığı qədər sevər, onun yaradıcılığını o zamankı Dövlət Televiziyasında daim canlandırar, müxtəlif səpkili verilişlər hazırlanmasını məsləhət bilərdi.
   Bəxtiyar Vahabzadə qüdrətli, bənzərsiz şair idi. Yaradıcılığa başladığı ilk gündən, ilk şeirindən ilahi vergili şəxsiyyət kimi tanınmış, sevilmiş, qarşılanmışdı. Onu milli poeziyamızın dayağı, sütunu sayırdılar. Çünki qənaəti belə idi:
   
   Mən həm bakılıyam, həm lənkəranlı,
   Gəncəli, qubalı, həm naxçıvanlı,
   Şəkili, şirvanlı, qarabağlıyam,
   Bütöv Vətənimə bütöv bağlıyam...
   
   Bu sevgi, istək, məhəbbət nəticəsində onun 1958-ci ildə "Gülüstan" poeması işıq üzü gördü. Ev-ev, ailə-ailə gəzdi. Hər misrası dillər əzbəri oldu. Amma tərif, təbrik əvəzinə özü mövcud quruluş tərəfindən əzablar çəkdi, dövrün hakimiyyəti onu mövqeyindən daşındırmaq, uzaqlaşdırmaq niyyətinə düşdü. Lakin o, xilaskar, sözə-sənətə layiqincə qiymət verən insanların qayğısı, diqqəti sayəsində dərddən, bəladan, zülmdən xilas oldu. Burada ulu öndər Heydər Əliyevin taleyüklü bu deyimini xatırlayırıq: "Mən hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman onun həbs məsələsi meydana çıxmışdı. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Onunla dəfələrlə söhbətlər apardım, məsləhətlərimi verdim... O, həmin vaxtlar böyük təhlükə qarşısında idi. Nəyə görə?.. Ona görə ki, doğma millətini sevirdi, xalqının qayğıları haqqını yazmışdı".
   Ulu babalarımızdan bizlərə - bu günümüzə yadigar qalmış belə bir deyim var: "Haqq nazilər, amma üzülməz". O zamanlar Bəxtiyar müəllim çətin, iztirablı günlər yaşayırdı. Onun özgə marağı, istəyi, niyyəti yox idi. Yeni işıq üzü görən topludakı xatirələrdən bəlli olduğu kimi, o, doğma xalqını qolları zəncirli, ayaqları buxovlu görmək istəmirdi. Bunun üçün də hakimiyyətin hökmünü, amansızlığını qəbul etmirdi. Əksinə, üsyan səsini qaldırır, arzusunu, ürəyindən keçənləri poetik, düşüncəli tərzdə həmvətənlərinə, oxuculara çatdırardı: "Arazın o tayı vətənim, bu tayı vətənim. Amma o tayı görməyə yox ümidim mənim". Onun inamını, ümidini də öldürən qüvvələr vardı. Çox şükürlər ki, haqq nazildi, ancaq üzülmədi. Qüdrətdən vergili şairimiz qismən də olsa muradına çatırdı. Mühit, zaman, hakimiyyət dəyişdikcə daha fəal, aktiv olurdu.
   Unudulmaz şairin bəxtinə, taleyinə ötən əsrin 60-70-ci illəri uğurla çıxdı, ömür tarixinə qızıl hərflərlə yazıldı. Pedaqoji fəaliyyəti ilə yanaşı, yaradıcılıqla da çox ciddi şəkildə məşğul olurdu. Əsərləri dünyanın neçə-neçə ölkəsində tərcümə edilir, işıq üzü görərdi. Onun bədii-publisistik, analitik təhlilli məqalələri, şeir və poemaları dövrü mətbuatda dərc edilirdi. "Ləyaqət", "Dağlıq Qarabağ: iddialar, həqiqətlər", "Gəlin biz də düşünək", "Həqiqətin dili" və onlarca başqa qələm məhsulları mövzu aktuallığına görə bu gün də çox böyük maraqla, həvəslə oxunur.
   O, eyni zamanda sevilən, əsərləri böyük maraqla baxılan bənzərsiz dramaturq idi. İstər şeir və poemalarında, istərsə də mənzum pyeslərində çağdaş dövrün, tarixin problemləri lirik-fəlsəfi planda, rəngarəng, əlvan boyalarla təsvir, tərənnüm olunardı. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və başqa pyesləri Milli Dram Teatrında uğurla oynanılmışdı. Sözügedən kitabda ""Özümüzü kəsən qılınc" Türkiyədə şok yaratdı" məqaləsində Xalq artisti Nurəddin Mehdixanlı ürək sözlərini oxuculara belə çatdırır:
   - Bu gün də fəxr edirəm, iftixar hissi keçirirəm ki, unudulmaz ziyalımızın, Tanrıdan vergili qələm sahibinin müxtəlif dram, səhnə əsərlərində min bir həvəslə oynamışam. Yaratdığım obrazlar sanki boyuma biçilib... Türkün tarixi həmişə qapalı saxlanılıb, yazmağa imkan, icazə verməyiblər. Lakin xalqımızın böyük oğlu, bənzərsiz şairi Bəxtiyar Vahabzadə "Özümüzü kəsən qılınc" əsəri ilə dəmir qapıları aça bildi. 1998-ci ildən bu tamaşa Milli Dram Teatrında oynanılır. Amma hər dəfə də elə bil birinci tamaşanı oynayırlar kimi, hər kəs bacarığını əsirgəməyib. "Özümüzü kəsən qılınc"ı Türkiyədə də oynamışıq. 800-900 nəfərlik zalda tamaşaçılar bizi ayaqüstə, alqışlarla qarşılayıblar. Biz bu əlamətdar hadisəni müəllifin uğuru bilmişik".
   Topludakı müxtəlif müəlliflərin məqalələrindən, xatirələrindən aşkar duyulur ki, əbədiyaşarlıq qazanmış şair sözün həqiqi mənasında adını türk dünyasının tarixinə qızıl hərflərlə yazmışdı. Onu yarım əsrə yaxın müddət ərzində tanıyırdım. Bütöv xarakter sahibi idi. Təkcə özünü, doğmalarını yox, bütövlükdə xalqımızın taleyini - dünənini, bu gününü, sabahını düşünərdi. Naxələflərə, nadanlara qarşı isə haqq səsini ucaldardı:
   
   ...Ey öz doğma dilində danışmağı ar bilən,
    fasonlu ədabazlar!
   Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,
   Bunlar qoy mənim olsun,
   Ancaq vətən çörəyi sizlərə haram olsun!
   
   "Bəxtiyar Vahabzadə ədəbiyyat yolunda, yaxud şairsiz ötən bir ilimiz" kitabını həyəcansız oxumaq mümkün deyil. Əvvəla, toplu olduqca səliqəli, zövqoxşayandır. Bunun üçün tərtibçi Ramazan Qafarlıya, rəyçilər Himalay Qasımova, Tərlan Novruzova, Elman Quliyevə, Təyyar Cavadova oxucular adından dərin təşəkkürümüzü bildiririk. İkinci ömrünü xatirələrdə yaşayan şairin sözlə portretini yaradan qələm sahiblərinin ürək sözləri alqışa layiqdir. Akademik Bəkir Nəbiyevin, M.Yasəmənin, Dəyanət Səlimxanlının, Asif Mərzilinin, Bahəddin Həziyevin, Adil Cəmilin, Ələsgər Behbudlunun, Müsəllim Həsənovun və başqalarının xoş düşüncələri, ehtiramları, tarixi şəxsiyyətə sevgi-məhəbbətləri onun doğrudan da ikinci ömrünü yaddaşlarda yaşadığının sübutudur. Xalq şairi Nəriman Həsənzadənin "Səfərbər yatır" şeiri isə birbaşa oxucu qanına, canına hopur:
   
   Məndən soruşurlar - necədir şair?
   Oyaqdır - qəlbində şeirlər yatır.
   "Gülüstan" sülhünü pozub yenidən,
   Bəxtiyar hökmünü yazan ər yatır...
   
   Onun əbədi ayrılığına hələ də inanmıram. İlahi! Aylar, günlər necə də tez ötüb keçir!? İlyarım əvvəl, 2009-cu il fevralın 5-də, saat 12-də zəng edib əhvalını, ovqatını soruşduğum, türk dünyasının sönməz ulduzu Bəxtiyar Vahabzadə indi ikinci ömrünü xatirələrdə yaşayır. Bəşər boyu bu dünya kimə qalıb ki, ona da qalaydı?.. Vəfasız dünyanın nəyindən küsək?
   Doğma xalqın, vətənin, elin-obasını, dilini, dirçəlişini canı qədər, varlığından artıq sevən Bəxtiyar Vahabzadə dünyaya gələndə ovucları sıxılı halda idi. İşıqlı dünyayla vidalaşanda əlləri açıq qaldı... Tək bircə yaşadığı illərdə qazandığı sevgini, məhəbbəti özüylə apardı ki, axirət dünyasında yeri behiştlik olsun. Amin! İndi isə son ümidimiz, pənahımız dahi şəxsiyyət, unudulmaz mütəfəkkir, hər sözü bir ulduz, almaz olan insandan qalan yadigarlar, bir də əzəli-əbədi ünvanda görüşməkdir...
   Əbədi yuxunuz şirin olsun, ustad. Siz ikinci ömrünüzü xatirələrdə yaşayırsınız. Əlvida, müdrik, zərif qəlbli insan, qismət payım sona çatanda görüşünüzə gələcəm...
   
   Telman Mehdixanlı