Moskvadakı “Maroseyka” nəşriyyatında Azərbaycan alimi Emin Məmmədlinin “Qarabağ saqası. Pyotrdan Pavelə qədər” adlı kitabı çapdan çıxıb. Bu, XVIII əsrdə Cənubi Qafqazda baş verən, lakin qəsdən “unudulan” hadisələrə həsr edilmiş “Qaytarılmış tarix” silsiləsindən olan nəşrlərin birinci cildidir. Kitab Rusiya imperatoru I Pyotrun hakimiyyətdə olduğu dövrdən I Pavelin çarlığına qədər zaman kəsiyini əhatə edir.
   
   22 fəsildən ibarət olan kitabın “Xəzəryanı Azərbaycan xanlıqları barədə Birinci Pyotrun strateji planları”, “Birinci Pyotrun varisləri onun Cənubi Qafqaz siyasətini nə üçün davam etdirə bilmədilər”, “Rusiyanın Cənubi Qafqazdakı əyalətlərinin 1728-ci ildə tərtib edilmiş siyahısı”, “İran yürüşü tarixşünaslığında erməni koloritinin təzahürü” və bəzi başqa fəsilləri daha böyük maraq doğurur.
   Nəşrə daxil edilmiş tarixi sənədlərin əksəriyyəti artıq çoxdan nadir biblioqrafik vahidlərə çevrilib. Bu sənədlərdən biri 1783-cü ildən, digəri isə 1793-cü ildən sonra heç vaxt tam həcmdə dərc edilməyib.
   Moskvada yaşayan azərbaycanlı alim Emin Məmmədli texnika elmləri namizədi, Rusiya Elmlər Akademiyasının V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun əməkdaşıdır. Texniki elmlərin təmsilçisi olduğuna baxmayaraq, Cənubi Qafqazın tarixi ilə həmişə ciddi maraqlanıb. 1985-ci ildən tarixi problemlərin elmi tədqiqatı ilə məşğul olan E.Məmmədli uzun illər boyu Rusiya Federasiyasının arxivlərində və böyük kitabxanalarında işləyib, mühüm tarixi sənədləri toplayıb. 2006-cı ildən “Qaytarılmış tarix” maarifçilik layihəsi çərçivəsində dərc edilən silsilə monoqrafiyaların elmi redaktorudur. E.Məmmədli bu kitabı da həmin layihə çərçivəsində çapa hazırlayıb. Kitabın 10 cilddən ibarət olacağı nəzərdə tutulur. Kitab Ümumrusiya Azərbaycanlıları Konqresinin və bir qrup azərbaycanlı sahibkarın dəstəyi ilə nəşr edilib.