Yazıçı-publisist Mustafa Çəmənlinin “Mübariz” povesti “Təhsil” nəşriyyatı tərəfindən yenicə çapdan çıxıb. Mübariz İbrahimovun 22 illik ömür yolundan bəhs edən kitab prezident İlham Əliyevin ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə onun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi və igid döyüşçünün xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamları ilə açılır. 
    Yazıçı-dramaturq Əli Əmirlinin kitaba yazdığı “Ön söz”də deyildiyi kimi, müəllif Mübarizin misilsiz şücaətinin yaratdığı təsirin səngiməsini gözləmədən, isti-isti qələmə aldığı, hər sətri məna, məzmun yükü ilə dolu bu povestdə Milli Qəhrəmanın 22 illik həyatını, qəhrəmanın daxili aləmini, həyəcanlarını, mənəvi dünyasında baş verən oyanışı, ona rahatlıq verməyən, intiqama səsləyən torpaq, yurd itkisinin igid döyüşçünün qəlbində yaratdığı təlatümü bədii detallarla açıb göstərməyə nail olub.