Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması bolqar dilinə tərcümə olunaraq nəşr edilib. Poemanı bir sıra məşhur əsərlərin müəllifi, professor İvan İvanov tərcümə edib. Kitabın redaktoru Bolqarıstan Yazıçılar İttifaqının sədri Nikolay Petevdir.
   
   “Bolqarski pisatel” nəşriyyatında çap olunan kitaba illüstrasiyaları Nizami adına Ədəbiyyat İnstitutu hazırlayıb. Kitaba ön sözdə N.Petov oxuculara müraciət edərək, dahi Azərbaycan şairinin bu əsərinin dünya ədəbiyyatında yeri və əhəmiyyəti barədə məlumat verib. Müəllif qeyd edir ki, “Leyli və Məcnun” Azərbaycan ədəbiyyatının “Kitabi-Dədə Qorqud”dan sonra ikinci şah əsəridir. “Leyli və Məcnun” təkcə Şərq ədəbiyyatının deyil, ümumilikdə, dünya ədəbiyyatının inkişafında mühüm rol oynayıb.
   N.Petev vurğulayır ki, Nizami Gəncəvi böyük ingilis dramaturqu Uilyam Şekspirdən hələ üç əsr əvvəl sevgi faciəsinin qurbanlarını ədəbi əsərin baş qəhrəmanlarına çevirib.