Bu ucalığın halal sahiblərindən olan akademik Bəkir Nəbiyev 50 ildən çoxdur ki, Azərbaycan ədəbiyyatına, elminə, mədəniyyətinə şərəflə xidmət edir. Bəkir Nəbiyevi elm adamı və işıqlı ziyalı kimi məşhurlaşdıran, birinci növbədə onun mükəmməl dərin təfəkkürə, qabiliyyətə malik olmasıdırsa, ikinci məziyyəti səmimi təbiəti, yüksək əxlaqı, təvazökarlığı, fədakarlığı, daim vətəndaş yanğısı ilə yazıb-yaratmasıdır. Bəkir Nəbiyevi çoxundan fərqləndirən bir xüsusiyyəti də aşılamaq istədiyi fikri, ideyanı, məqsədi inandırıcı şəkildə, çox ustalıqla, təsirli halda çatdıra bilməsidir. Ən uzun, yorucu iclaslarda, simpoziumlarda, qurultaylarda, elmi məclislərdə çıxış edəndə səsinin ahəngindəki yumşaqlıq salondakı darıxdırıcılığı aradan qaldırır. Eləcə də onun aparıcılığı ilə keçirilən görüşlər maraqlı və yaddaqalan olur. Əlbəttə, bu, ulu Tanrının görkəmli ədəbiyyatşünas alimə bəxş etdiyi təbii bir məziyyətdir. 
   
   Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan Bəkir Nəbiyev obyektiv tənqidçi, fədakar alim və səriştəli pedaqoqdur. Əgər onun yazdığı kitabların və məqalələrin adlarını qeyd etsək, uzun bir siyahı yaranar. Bəkir Nəbiyev 50-dək kitabın və 800-ə yaxın məqalənin müəllifidir. Onun rəhbərliyi altında neçə-neçə ədəbiyyatşünas namizədlik və doktorluq dissertasiyaları hazırlayaraq müvəffəqiyyətlə müdafiə edib.
   Bu yaxınlarda (21 avqust - red.) 80 yaşı tamamlanan Bəkir müəllim Ağdaş bölgəsinin Üçqovaq kəndində anadan olub. 1937-ci ilin repressiyaları Bəkir Nəbiyevin hələ körpəlikdən qəlbində ağır izlər qoyub. Atası Əhməd kişi həmin qanlı illərin qurbanlarından biri olub. Bəkirgilin ailəsi hansı təzyiqlərə, zülmlərə məruz qalıb, bu, çoxdanın söhbətidir. Amma bu gün də ömrün o çağlarını xatırlayanda, müdrik alimin dərin baxışlarında kədər görünür: "Bu da belə bir tale idi, yaşadıq. Cavidlərin, Müşfiqlərin... ömrünü baltalamaq mümkün olsa da, səslərini batıra bilmədilər. Yaratdıqlarını məhv etməyə gücləri çatmadı".
   Qəribədir ki, Bəkir müəllimin əmək fəaliyyəti iki xətt üzrə gedib. Gah müəllim işləyib, gah mətbuatda çalışıb, radioda diktorluq edib. Elmə, maarifə olan sonsuz həvəsi onu 1961-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasına bağlayıb. Kiçik elmi işçidən başlayaraq müxtəlif vəzifələrdən keçən və bu arada həm namizədlik, həm də doktorluq dissertasiyasını müdafiə edən Bəkir Nəbiyev 16 il Nizami adına Ədəbiyyat Muzeyinin direktoru olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, altı ildən sonra isə həqiqi üzvü seçilib. Akademik hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.
   İstər sovet dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra Bəkir Nəbiyev ədəbi prosesi diqqətlə izləyən, ona fəal münasibətini bildirən tənqidçi kimi tanınır. Onun ədəbi janrlar və yaradıcılıq problemləri ilə bağlı mülahizə və tədqiqatlarında fədakar bir alimin cəfakeşliyi ilə yanaşı, obyektiv tənqidçi təfəkkürü də özünü göstərir. "Firudin bəy Köçərli", "Müasirlik və sənətkarlıq uğrunda", "Ədəbi düşüncələr", "Müasirlərimiz bədii ədəbiyyatda", "Təzə izlər sorağında", "Özümüzdən başlayaq. Yenidənqurma və Azərbaycan ədəbi prosesinin bəzi məsələləri", "Ölümsüzlüyün sirri" və s. kitablarında ədəbiyyat tariximizin müəyyən mərhələləri ilə əlaqədar müəllifin düşüncələri, yüksək səviyyəli tədqiqi, elmi araşdırmaları diqqət çəkir.
   Təkcə Azərbaycan ədəbiyyatı deyil, həm də ədəbiyyatşünaslığın tarixində Bəkir Nəbiyevin xüsusi yeri var. Məşhur ədəbiyyatşünas alim Əziz Şərif 1983-cü ildə yazıb: "Bəkir Nəbiyevin hər bir yeni əsəri Azərbaycan filologiya elmi və ədəbi tənqidimiz üçün böyük ərməğandır".
   Bəkir Nəbiyevin alim kimi nüfuz qazanmasına səbəb olan amillərdən biri də onun bütün dövrlərdə (quruluşdan asılı olmayaraq) həyat həqiqətinə sadiqliyidir. O, ədəbiyyatı və ədəbi prosesi həmişə zamandan, vaxtdan ucada görməyi, dəyərləndirməyi bacarır. Dünən hansı şövqlə, tələblə ədəbiyyata yanaşırdısa, bu gün də eyni ilhamla, münasibətlə öz yaradıcılığını davam etdirir.
   Görkəmli tənqidçi ilə söhbət edərkən bir məsələ də bizi çox maraqlandırdı. Gizli deyil ki, indi ədəbiyyatda sanki bir əhlikeflik başlanıb. Hamı yazan olub, yazıçılıq, şairlik edir. Belə bir məqamda Bəkir müəllimin münasibəti maraqlı idi. Özünəməxsus təmkinlə ədəbi düşüncələrini bizimlə bölüşdürən Bəkir müəllim belə dedi: "Özümə ustad seçdiyim Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov... tənqidimizin azman dayaqları idilər. Siz elə bilirsiniz, onların vaxtında indiki kimi zəif əsərlər, cızmaqaraçılar olmayıb? Ədəbi təfəkkürü olmayan, istedaddan, bədii düşüncədən məhrum insanlar öz mənəvi kasadlıqlarını dərk etmədikləri üçün, bəzi halda da (bəzən də əsas şərt bu olur) pullarının çoxluğundan dediyiniz kimi, əhlikefliyə qurşanırlar - ağıllarına nə gəlir yazırlar, ya əksinə, yazdırırlar. Ədəbiyyat nəhəng bir dəryadır. Dalğalar, ləpələr heç zaman o yad, yabançı çör-çöpləri öz bağrına çəkməz, mütləq sahilə atar. Özünü tanımayan özgənin iradından nə anlayacaq? Belələrinin qənimi zaman özüdür. Bir də adam öz abrına qısılır. Əgər Bəkir Nəbiyev belə "əsərlər" haqqında susursa, nəsə demirsə, yazmırsa, deməli, bu, onun ən kəskin etirazıdır. Mənim yazı-pozu dünyamda belə "qələmçilər" üçün heç zaman yaşıl işıq yanmır. Halbuki ədəbiyyatda, mətbuatda diqqət çəkən ən kiçik hekayə və bir misralıq şeir belə mənim düşüncələrimdən izsiz keçmir. Mütləq ədəbi prosesin işıqlı cəhətlərini göstərməyi sevirəm. İşıq da ki, qaranlığın qənimidir. Onun parlaqlığında bütün fəsadlar, qüsurlar aydın görünür. Mühüm şərt odur ki, insan birinci növbədə özünü görməyi bacarsın".
   Bəkir Nəbiyevin şəxsiyyətindəki alicənablıq, daxilindəki mədəniyyət onun ədəbi düşüncələrinin məcmusudur. Ən kəskin sözü də elə ifadə edir ki, kimsə incik düşə bilmir, əksinə, onun haqlı ittihamı qarşısında məğlub olur.
   Professor Arif Hacıyevə məxsus fikirdir: "Bəkir Nəbiyev vicdanlı tənqidçi kimi "düzü düz, əyrini əyri" yazmışdır. Bu haqq yolla geniş ictimaiyyət qarşısında hörmət-izzət sahibi olmuşdur. Poeziya, nəsr, dramaturgiya, uşaq ədəbiyyatı, publisistika, bədii tərcümənin nəzəri problemləri Bəkir Nəbiyevin əsas maraq dairəsidir. Məhz bu səbəbdən də alimin məruzə və çıxışları həmişə böyük anşlaq və diqqətlə qarşılanır".
   Qeyd etdik ki, görkəmli alim həm də pedaqogika ilə məşğul olub. Bu, yalnız onun vaxtilə müxtəlif ali məktəblərdə Azərbaycan ədəbiyyatı tarixindən, ədəbi əlaqələrdən oxuduğu mühazirələrlə bağlı deyildir. O, həm də elə bir geniş elmi-ədəbi yaradıcılığa malikdir ki, bunun da nəticəsində Azərbaycan ziyalılarının bir neçə nəslinin müəllimidir. Akademikin bütün həyatı elmlə, ədəbiyyatla bağlı olduğundan rəhbərlik etdiyi instituta uzanan yollarda neçə-neçə cığırın qovuşduğu aydınca görünür.
   Bəkir Nəbiyev ədəbi-tənqidi məqalələri ilə bağlı tənqidçilər arasında ilk dəfə "Qızıl qələm" mükafatı alıb (1974). "Müharibə və ədəbiyyat" mövzusundakı tədqiqatı Dövlət mükafatına layiq görülüb (1978). Ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə 1986-ci ildə ona “Xalqlar dostluğu" ordeni verildi, Əməkdar elm xadimi adına layiq görüldü. Müxtəlif mükafatların laureatı olan Bəkir Nəbiyev bir neçə təltifin xüsusi önəmi var. 70 illik yubileyi ilə əlaqədar ümummilli lider Heydər Əliyev fədakar alimin əməyini "Şöhrət" ordeni ilə dəyərləndirib. 2005-ci ildə görkəmli alim prezident İlham Əliyevin fərmanı ilə “İstiqlal” ordeni ilə, 2010-cu ildə isə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (kollektiv) əsərinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib. 2002-ci ildə ailm türk dünyası xalqlarına xidmətinə görə beynəlxalq TİKA mükafatına layiq görülüb.
   Azərbaycanlı alimin şöhrəti doğma vətənin sərhədlərindən kənara da çıxıb. O, hələ sovet dövrundən keçmiş SSRİ-nin bir çox şəhərlərində ədəbi əlaqələrlə bağlı simpoziumlarda əsas məruzəçi olub. Müstəqil respublikanın alimi kimi Türkiyə, İran, İraq, Çexiya, Slovakiya, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi məclislərin iştirakçısı olub.
   Ədəbiyyatşünaslıq, sənətşünaslıq, dilçilik elmlərinin zirvəsində dayanan akademik Bəkir Nəbiyev ömrün müdrik yaşında da gənclik eşqi ilə çalışır. Ağlının, ürəyinin və əlinin ünsiyyəti hələ çox bəhrə verəcək.
   ...Yazı masasının üstündə təzəcə bitirdiyi bir məqalə var idi. Kəlbəcərli söz adamı Şamil Əsgərov haqqında olan bu kövrək essedə bir cümlə diqqətimizi çəkdi: "Mən Kəlbəcərdə min cür çiçək və sarı rəngdə bənövşə görmüşəm". Bu gözəlliyi indi yuxa bir ürəklə xatırlayan görkəmli ədəbiyyatşünas-alimə o torpaqlara qayıdacağımız günün sevincini arzulayırıq.
   
   Flora Xəlilzadə