“HotelToweb” internet portalı Azərbaycanın turizm potensialını bütün dünyada təbliğ edəcək
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Park-İNN” mehmanxanasında türkiyəli mütəxəssislər tərəfindən hazırlanmış “HotelToweb” internet portalının təqdimat mərasimi keçirilib.   

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər turizmin inkişafı istiqamətində ölkəmizdə görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən danışıb. Nazir bildirib ki, prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda turizmin inkişafı istiqamətində xeyli iş görülüb: «Hər il Azərbaycanda təxminən 50-dək hotel və ya yerləşdirmə yeri inşa edilir. On il bundan öncə ölkəmizdə cəmi 13 min yerləşdirmə yeri mövcud olmuşdursa, hazırda bu rəqəm 30 minə yaxındır. Hazırda Azərbaycanda bu istiqamətdə aparılan işlərin və turizm imkanlarımızın dünya turizm bazarına çıxarılması bir məqsəd kimi qarşıya qoyulub».
   Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda 12 turizm informasiya mərkəzi yaradılıb, onların sayının artırılması istiqamətində iş aparılıb: «Yaxın zamanlarda Azərbaycanın vahid turizm informasiya mərkəzinin qlobal şəbəkəyə çıxışı təmin ediləcək. Ümumilikdə isə nazirlik Turizm Şirkətləri Assosiasiyası ilə birlikdə bütün hotelləri Azərbaycan haqqında məlumatlandırıcı bukletlər, yolgöstəriciləri və digər zəruri informasiyalarla təmin edəcək, turizm müəssisələrində xidmətin keyfiyyəti artırılacaq, yeni turizm zonaları yaradılacaq, turist qruplarının Azərbaycana səyahətləri təşkil ediləcək».
   Nazir təəssüf hissi ilə qeyd edib ki, bu günədək müasir texnologiyalardan istifadə edən turizm şirkətləri və hotellərin sayı azdır. Onlara məhsullarını təbliğ etmək üçün yeni imkanlar yaratmaq lazımdır. Bu məqsədlə Azərbaycanın turizm imkanları ilə bağlı məlumatları özündə əks etdirən zəngin informasiya portalının yaradılması qərara alınıb. Bundan sonra ölkəmizdəki bütün turizm şirkətləri və hotellər yeni sistemə qoşulacaq.
   Ə.Qarayev onu da bildirib ki, “HotelToweb” internet portalı Azərbaycanın turizm məhsullarını dünyada turizmlə məşğul olan 600 min agentlik vasitəsilə təbliğ edəcək. Bu şəbəkə ölkəmizə turistlərin gəlməsinə də müsbət təsir göstərəcək. Portal qiymətlərin və xidmətlərin də tarazlığına kömək edəcək. Bir sözlə, yeni sistem dünya bazarında Azərbaycanın turizm imkanlarını daha geniş və ətraflı təbliğ edəcək.
   Nazirin dediyinə görə, Azərbaycan dövləti bu portalın yaradılmasına maliyyə vəsaiti ayırıb və yeni sistem türkiyəli mütəxəssislər tərəfindən yüksək səviyyədə hazırlanıb.
   Sonra iştirakçılara “HotelToweb” internet portalı haqqında geniş məlumat verilib.
   Bildirək ki, yeni portal dünyanın ən yaxşı elektron sifariş sistemlərindən (GRS) biri olaraq böyük imkanlar təklif edir. Yeni sistem on-line satış və idarəetmə mexanizmi (Booking Engine), dünyada qlobal tənzimləmə şəbəkəsinə (GDS) sürətli bağlanmaq imkanı, baza və sifariş mexanizminə malikdir. 
   
   Fəxriyyə Abdullayeva