Ötən il İstanbuldakı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan muzeyləri ziyarət edən turistlərin sayı 2008-ci ilə nisbətən 38 faiz artaraq 6 milyonu keçib. Bu muzeylərdən əldə edilən gəlir əvvəlki illə müqayisədə 40 faiz artıb. 
   
   Türkiyənin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, 2009-cu ildə İstanbulda ən çox ziyarət edilən tarixi məkan 1481-ci ildə inşa edilən və 1924-cü ildən muzey kimi fəaliyyət göstərən Topqapı Sarayı olub. Topqapı Sarayı 2,9 milyon, 537-ci ildə tikilən və 1935-ci ildən turistlərin üzünə açılmış Ayasofya Muzeyi isə 2,4 milyon ziyarətçi qəbul edib. İstanbulda Türkiyə Böyük Millət Məclisi (TBMM) nəzdindəki saraya, köşk və qəsrlərə ötən il 1,1 milyon yerli və xarici turist baxıb. Bu muzeylər içərisində Dolmabaxça Sarayı 818 min ziyarətçi ilə ən çox turist qəbul edən muzey olub. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən açılan “Panorama 1453 Tarix Muzeyi”ni 700 min turist ziyarət edib. Ümumilikdə ötən il Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan 320 muzey və tarixi məkanda 21,2 milyon turist olub.
   Xatırladaq ki, 2010-cu ildə İstanbulun Avropanın Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar bir sıra tarixi məkan təmir edilir, yeni muzeylər açılır.