İçərişəhərdə yerləşən qədim abidələr xalqımızın zəngin mədəni keçmişini təcəssüm etdirir və onun təbliğində xüsusi rol oynayır. Gün ərzində yüzlərlə turist YUNESKO-nun Dünya İrs Siyahısında olan İçərişəhərlə tanış olmaq üçün bura baş çəkir, Azərbaycanın tarixi ilə canlı təmasda olur.
   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən xəbərə görə, qurumun qarşısına qoyulmuş əsas vəzifələrdən biri İçərişəhərin müasir tələbləri ödəyən beynəlxalq səviyyəli turist mərkəzinə çevrilməsidir. Bu məqsədlə ərazidə xüsusi audiobələdçi texnologiyasının tətbiqi nəzərdə tutulur. Avropanın aparıcı şirkətlərindən birinin iştirakı ilə həyata keçiriləcək bu layihə qoruq ərazisində yeni turizm xidmətinin göstərilməsi üçün şərait yaradacaq.
   Audiobələdçi texnologiyasının iş prinsipi qabaqcadan yazılmış mətn və digər audiomaterialların ekskursiya zamanı səsləndirilməsinə əsaslanır. Bu iş istifadəsi çox rahat olan kiçik bir cihaz vasitəsilə həyata keçiriləcək. Audiobələdçi turistlərin, müəyyən marşrutlar üzrə hərəkət etməklə, İçərişəhərin tarixi və buradakı abidələrlə kənar şəxslərin köməyi olmadan sərbəst tanış olması, dolğun informasiya əldə etməsi üçün geniş imkanlar yaradır.
   Novruz bayramından tətbiqi planlaşdırılan audiobələdçilər vasitəsilə İçərişəhərin qonaqlarına Azərbaycan, ingilis və rus dillərində ekskursiya xidməti təqdim olunacaq. Müxtəlif marşrutlar üzrə ekskursiyalar zamanı istifadə ediləcək mətnləri milli musiqi nümunələri müşayiət edəcək. Gələcəkdə audiobələdçilər vasitəsilə ekskursiya xidmətinin başqa dillərdə də həyata keçirilməsi nəzərdə tutulur.  

 FƏXRİYYƏ