Müasir dünyada turizmin sürətlə inkişaf etməsi, turizm sənayesinin geniş infrastruktur şəbəkəsi, insanların istirahəti üçün böyük imkanlar yaratmaqla yanaşı, bir sıra problemlər doğurub. Bu problemlərdən biri də ekologiya və ətraf mühitin mühafizəsi məsələsidir. Gözəl təbiət, cəlbedici landşaft, təmiz hava, göl və çaylar, çimərliklər, meşə sahələri - bütün bunlar turizmin inkişafı üçün başlıca təbii sərvətdir.
   
   Lakin turizm sənayesi genişləndikcə bu təbii sərvətin istismar olunması, ətraf mühitin çirklənməsi təhlükəsi də artır. Odur ki, turizmin ekologiyaya olan zərərli təsirini tamamilə aradan qaldırmaq müasir turizm sektorunun qarşısında duran mühüm vəzifələrdəndir. Bu baxımdan ekoloji turizmin (ekoturizm) inkişaf və təşviq etdirilməsi mühüm önəm kəsb edir.
   Ekoturizm insanların dincəlmək, istirahət etməklə yanaşı, ətraf mühit qarşısında məsuliyyətini dərk etməsini, təbiətin gözəlliklərindən zövq almaqla bərabər, onu qorumaq mədəniyyətini də özündə ehtiva edən turizm növüdür. Təsadüfi deyil ki, son dövrdə turizm sənayesi yüksək inkişaf etmiş bir sıra ölkələrdə insanlar artıq ənənəvi turizmdən imtina edərək ekoloji turizmə daha çox meyil göstərirlər. Özü də turizmin bu növünün inkişafı geniş maliyyə imkanları və gəlirlərlə müşayiət olunur. Məsələn, ABŞ-da ekoturistlərin milli parklara gəzintisindən ölkə büdcəsinə milyardlarla dolla vəsait daxil olunur.
   Azərbaycanda ekoturizm üçün böyük potensial mövcuddur. Turizm şirkətləri ölkə ərazisindəki milli parklara ekoturlar təşkil edirlər. Lakin hələlik bu sahənin geniş inkişafından danışmaq mümkün deyil. Bəs turizm müəssisələri ekologiya məsələlərini necə həll edir, onların həllində müəssisə rəhbərliyi nə dərəcədə maraqlıdır?
   Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun bildirdiyinə görə, son illərdə bu sahədə müəyyən qanunvericilik tədbirləri daxil olmaqla, turizm sektorunda ətraf mühitin mühafizəsi yeni səviyyəyə qalxıb: «Avropa İttifaqı “Ekoloji menecment və təftiş sistemində şirkətlərin könüllü iştirakı haqqında” əsasnamə hazırlayıb. Avropa ölkələrinin ekologiya menecmenti sistemi turizm müəssisələrində ekotəftişlərin aparılması, turizm müəssisələri tərəfindən xammal, su, elektrik və istilik enerjisinə qənaət olunmasına köməklik və s. tədbirləri nəzərdə tutur».
   Mütəxəssis deyir ki, ekoloji menecmentin metodikasına uyğun olaraq, müəssisələr turizm xidmətləri göstərərkən, ərzağın və inventarların alınmasından başlayaraq, gündəlik praktiki məsələlərin həllinə qədər, öz fəaliyyət dairəsinə ekologiya məsələlərini də daxil etməlidirlər: «Turizm müəssisələrinin idarə edilməsinə ekoloji üsulların tətbiq olunması turizm sənayesi üçün yeni bir işdir. Beynəlxalq səviyyədə ekoloji məsələlərin ardıcıl və münasib idarə edilməsinin təməlində ekoloji menecment sistemi durur».
   S.Rəhimov bildirir ki, bu gün Azərbaycanda turizm sənayesi müəssisələri tərəfindən ekoloji idarəetmə üsullarının tətbiqində Avropa ölkələri təcrübəsi və standartları nəzərə alınmalıdır. Onun sözlərinə görə, «Turizm haqqında» Azərbaycan Respublikasının Qanunu və “Turist-ekskursiya xidmətləri” Dövlət standartı ekologiya məsələlərinə praktiki olaraq toxunmur. Azərbaycan Respublikasının “Turist-ekskursiya xidmətləri. Turist xidmətləri. Ümumi tələblər” Dövlət standartında (maddə 4.2.2) qeyd olunur ki, turizm xidmətlərinin təşkili, ətraf mühitin pisləşməsinə (ərazinin çirklənməsi, bitki örtüyünün tapdanması, ağac və kolların zədələnməsi və yandırılması və s.) təsir etməməlidir. 2010-cu ilin Azəbaycanda «Ekologiya ili» elan edildiyini nəzərə aldıqda bu tələbin təxirəsalınmaz həlli arzuolunandır».
   
   Turizm marşrutlarında ekoloji təhlükəsizlik nəzərə alınmalıdır
   
   Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov isə qeyd edir ki, turizmin iqtisadi səmərəsi hər kəs üçün aydın olsa da, çoxları bu sahənin inkişafının ekologiya üçün mənfi təsiri haqqında məlumata malik deyil. Bu səbəbdən də əksəriyyət turizmə, sadəcə, bir gəlirli sahə yanaşırlar: «Dünya təcrübəsinə diqqət yetirsək görərik ki, hələ ötən əsrin 70-80-ci illərində tədqiqatçılar turizmin ekologiyaya mənfi təsiri barədə həyəcan təbili çalmağa başlayıblar. Bu problemin həlli təbii resurslardan turizm məqsədli istifadə zamanı müxtəlif təsir vasitələrinə malik olan sistemli yanaşma tələb edir. Dərk etmək lazımdır ki, təbiəti qorumaq, onu həm də turizmin gələcək inkişafı üçün saxlamaq ən vacib problemlərdəndir. Ekoloji tarazlığın pozulması zaman keçdikdən sonra özünü büruzə verir. Turizm məqsədilə ətraf mühitdən nəzarətsiz istifadə onun məhvinə gətirib çıxarır və təbiət gələcək nəsillər üçün itirilir».
   B.Bilalov dünya ölkələrinin təcrübəsinə nəzər yetirməyi məsələhət görür: «Böyük Kanyon Milli Parkı (ABŞ) turistlərin həddindən artıq gəlməsi səbəbindən çirklənib və öz cəlbediciliyini itirib. Şərqi Afrikadakı bir çox əyləncə parkları dördtəkərli arabalarda əylənən turistlər tərəfindən toz təpələrinə çevrilib. Sanitar normalara əməl edilməməsi və zibillik Tailanddakı çimərlik kurortlarına ciddi ziyan vurub. Kamçatkadakı çox nadir termal mənbələr nəzarətsiz turist axını səbəbindən temperatur balansının pozulması, bəzilərinin isə fontan vurmasının dayanması ilə üzləşib.
   Tez-tez turizm və ekologiyanın qarşılıqlı münasibətində üstünlük iqtisadiyyata verilir. Hesab edilir ki, ətraf mühitin qorunması problemləri iqtisadi problemlərdən sonra həll edilməlidir. Əslində isə bu məsələ əksinə olmalıdır. Bir qayda olaraq turistləri məhz ekoloji təmiz regionlar cəlb edir, çünki burada onlar tam sağlam istirahət və təbiətlə təmasdan estetik təəssürat əldə edə bilirlər. Lakin bu zaman ətraf mühitin mühafizəsinin nəzərə alınmaması nəticə etibarilə regionda istirahət imkanlarının və turizm potensialının məhvinə gətirib çıxarır.
   Bütün deyilənlərə əsaslanaraq qeyd etmək lazımdır ki, ölkəmizdə turizmin inkişafında kortəbiiliyə yol vermək çox ciddi ekoloji fəsadlar törədə bilər. Ona görə də hər hansı bir turizm obyekti yaradılarkən, turizm marşrutları işlənib hazırlanarkən ekoloji təhlükəsizlik məsələsi nəzərə alınmalıdır».
   
   Qanunlara əməl etmək lazımdır
   
   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda ekologiyanın qorunması və təbiətə dəyən mənfi təsirlərin aradan qaldırılması üçün müəyyən qanunvericilik aktları və bir sıra qadağalar var: «Bizim vətəndaşlar elə hesab edirlər ki, təbiət qoynunda dincələndə hər şey eləmək olar. Meşədə tonqal qalamağı, ağacların budaqlarını sındırıb yandırmağı insanlar adi hərəkət hesab edirlər».
   Nazirlik rəsmisi qeyd edir ki, Meşə Məcəlləsində, «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» qanunda və bir sıra digər qanunvericilik aktlarında müəyyən qadağalar var: «Məsələn, qoruq ərazisinə insanların girməsi qadağandır. Milli parkların ərazisinə isə vətəndaşlar yalnız xüsusi marşrutlar üzrə - turistlər üçün nəzərdə tutulmuş əraziyə girə bilər. Meşəlik ərazilərə turistlərin daxil olmasına icazə var, amma tonqal qalamasına yox. Bunların hamısı bizim qanunvericilikdə nəzərdə tutulub. Sadəcə, qanunlara əməl etmək lazımdır»
   H. Əlizadənin sözlərinə görə, bu məsələdə inzibati tədbirlər, qanunvericiliyin tətbiqi ilə yanışı, maarifləndirmə məsələsi də böyük önəm kəsb edir: «Dünya praktikasında da bu sahədə əsas iş maarifləndirmədir».
   
   Fəxriyyə Abdullayeva