Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Bunun arxasında isə son illər respublikamızda aparılan iqtisadi islahatlar, turizm sahəsində güclü infrastrukturun yaradılması yönündə görülən işlər dayanır. Məhz bu fəaliyyətin nəticəsidir ki, ildən-ilə ölkəyə gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur. 
      
   Lakin inkişafda olan hər bir sahədə olduğu kimi, turizmdə də problemlər mövcuddur. Ölkəyə gələn turistlərin sayı artdıqca onlarla işləyəcək yüksək ixtisaslı kadrların - peşəkar bələdçi-tərcüməçilər və bələdçi-təlimatçılara tələbatın artdığını nəzərə alsaq, bu baxımdan turizm sahəsində problemlərin mövcud olduğunu xüsusilə qeyd etmək lazımdır. Məhz sözügedən kadrların peşəkarlığı, dünyagörüşü, mükəmməl biliyi, insanlarla ünsiyyət qurmaq bacarığı nəticə etibarilə turizm məhsulunun keyfiyyətinə təsir edir.
   Turizmin inkişaf etdiyi ölkələrdə bu fakta xüsusi önəm verilir. Bələdçilərin fəaliyyəti bir neçə qurum tərəfindən tənzimlənir və müvafiq idarənin icazəsi olmadan hər hansı turizm müəssisəsi bələdçi xidmətindən istifadə edə bilmir. Üstəlik, bələdçiliklə məşğul olmaq istəyən şəxsin mütləq lisenziyası olmalıdır. Ukraynada və Rusiyada turist bələdçilərinin lisenziyasız fəaliyyətinə görə cərimələr nəzərdə tutulur. İtaliyada isə belə sənədi olmayan bələdçinin xidmətindən istifadə edən turistin hətta özünü də cərimə edirlər.
   Bir çox ölkələrdə bu işə turizm təhsili verən müəssisələr və həmin ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri assosiasiyaları məsuldur. Maraqlıdır, bəs Azərbaycanda vəziyyət necədir? Öncə qeyd edək ki, ölkəmizdə bələdçi-tərcüməçilərin sayı barmaqla sayılacaq qədər azdır. Söhbət etdiyimiz əksər turizm şirkətlərinin rəhbərləri də bu baxımdan çətinliklərlə qarşılaşdıqlarını bildirirlər.
   
   Bələdçi kursları təşkil ediləcək
   
   Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının prezidenti Nahid Bağırov deyir ki, rəhbərlik etdiyi qurum Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutu (ATİ) ilə birlikdə bələdçi kurslarının açılması ilə bağlı xüsusi layihələr hazırlayır: «Turizm İnstitutunu bitirən tələbələr üçün müsabiqə elan ediləcək. Müsabiqədə qalib gələn məzunlar bələdçi kurslarına cəlb olunacaq. Kurslar 1-2 ay müddətinə nəzərdə tutulur. Bu məqsədlə hazırda işçi qrupu yaradılıb».
   Turizm üzrə mütəxəssis, ATİ-nin turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov isə artıq bələdçi-tərcüməçilərin hazırlanması üçün xüsusi bir proqram hazırlandığını bildirir: «Bələdçi-tərcüməçilər üçün tədris proqramı elə hazırlanır ki, onlar buranı bitirdikdən sonra artıq peşəkar kimi fəaliyyət göstərə bilsinlər. Burada onlar ingilis və rus dillərini öyrənirlər, üçüncü dili seçmək isə öz istəkləri ilə bağlıdır. Bu, alman, ərəb və ya fransız dili ola bilər. İnstitutu bitirdikdən sonra onlara xüsusi sertifikat verilir. Bələdçi ölkənin ümumi dövlət mənafeyindən çıxış etməlidir və məlumatları turistə bu baxımdan çatdırmalıdır. Ölkənin tarixini, coğrafiyasını, iqtisadiyyatını bilməli, abidələr haqqında mükəmməl məlumata malik olmalıdır. Bu, xüsusilə vacibdir. Tarixi abidə haqqında əcnəbiyə hər eşidilən rəvayət danışılmamalıdır. Ümumiyyətlə, belə neqativ hallarla üzləşməmək üçün bələdçilərdə abidələr haqqında rəvayətlərə yox, konkret faktlara əsaslanan məlumatlar olmalıdır. Bizim hazırladığımız proqramda bütün bunların hamısı nəzərə alınıb».
   Bələdçi probleminin yaranma səbəbi haqda danışan mütəxəssis deyir ki, sovetlər dönəmində xarici turistlərlə işləyən “İnturist” sistemində 90-a yaxın, daxili turizmlə məşğul olan Bakı Səyahətlər və Ekskursiyalar Bürosunda 150, gənclərin səyahətini təşkil edən “Sputnik”də isə 20-yə yaxın bələdçi, bələdçi-tərcüməçi və bələdçi-təlimatçı fəaliyyət göstərib: «Bu insanlar müxtəlif ali məktəbləri qurtarsalar da, onlar müxtəlif seçim turlarından qalib çıxaraq, ən azı altı aylıq xüsusi hazırlıq keçdikdən sonra təcrübəli bələdçilərin nəzarəti ilə işə başlayırdılar. 90-cı illərin əvvəlində, bir çox sahələrdə olduğu kimi, turizm sahəsində də yaşanan böhran, ölkəyə gələn turistlərin sayının kəskin azalması ilə əlaqədar həmin peşəkar kadrların bir hissəsi ölkəni tərk etdi, digərləri isə turizmdən uzaq sahələrdə çalışmağa başladı. Nəticədə Azərbaycan turizmi bu sarıdan ciddi kadr çatışmazlığı ilə üzləşdi. Bu gün xarici, eləcə də daxili turistlərlə işləyən peşəkar bələdçilərin sayı çox azdır».
   Mütəxəssisin fikrincə, bələdçi hazırlığına differensial yanaşma olmalıdır: «Məsələn, macəra turizmi üzrə bələdçi velosiped sürməyi, aşpazlıq etməyi, həkimliyi bacarmalı, piyada səyahət üçün bələdçi fiziki hazırlıqılı şəxs, eləcə də maraqlı həmsöhbət olmalıdır».
   
   Azərbaycan dilində bələdçi kitablarının sayı azdır
   
   Ötən əsrin 70-80-ci illərində respublikamızda ekskursiyaya çıxan bələdçilərə Bakı Səyahətlər və Ekskursiyalar Bürosu tərəfindən icazə verilirdi. Təcrübəli bələdçi, uzun illər Bakı Səyahətlər və Ekskursiyalar Bürosunun sədr müavini işləmiş (hazırda Azərbaycan Turizm İnstitutunda müəllimdir) Çingiz Həsənzadənin dediyinə görə, bələdçi-tərcüməçilərin hazırlanmasına bu qurumun tərkibində fəaliyyət göstərən Metodiki Şura cavabdeh idi: «Bizim 150-yə yaxın bələdçimiz vardı ki, onlardan yalnız 30-u idarənin işçisi idi. Qalanları isə ştatdankənar işləyirdi. Onlar bu peşəni sevən adamlar idilər və asudə vaxtlarında müəyyən marşrutlar üzrə bələdçilik edirdilər».
   Azərbaycan Turizm və Ekskursiyalar Şurası sədrinin müavini Sabir Rəhimov isə deyir ki, bələdçinin turistə verdiyi məlumatlar, ilk növbədə, Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi əsasında hazırlanmalıdır: «Bu qurum müəyyənləşdirməlidir ki, bələdçi ölkəyə gələn qonağa nəyi deyə bilər, nəyi yox. Hər xarici dil bilən şəxsdən bələdçi olmaz. Bu işin mütəxəssisi olmağın şərtləri var».
   Yeri gəlmişkən, indiyədək Azərbaycan dilində bələdçinin məlumat kitabı nəşr olunmayıb. S.Rəhimov bildirdi ki, belə vəsaitlərə rus dilində çox rast gəlmək olar. Azərbaycan dilində ümumilikdə isə bu sahəyə dair cəmi 2-3 ədəd kitab var.
   
   Dünya təcrübəsini tətbiq etməliyik
   
   Xarici ölkələrdə turizm sektorunda bələdçi məsələsi xüsusi önəm daşıyır. Hətta bu sahədə turizm şirkətləri arasında rəqabət var, bu və ya digər şirkətin hansı bələdçilərlə işləməsinə diqqət verilir. Çünki turistlər üçün bələdçi bir növ gəldikləri ölkənin siması sayılır. Sadəcə, hansısa xarici dil bilən, amma konkret turizm marşrutu haqqında, tarix və mədəniyyətimiz barədə yetərli məlumatı olmayanlar bu işə cəlb edilməməlidir.
   
   Fəxriyyə ABDULLAYEVA