Çexiyanın Praqa şəhəri Avropanın ən ucuz paytaxtı hesab edilib. Portuqaliyanın paytaxtı Lissabon isə bu sırada ikincidir. Böyük Britaniyanın turist bazarı üzrə tədqiqatçıları bir sıra araşdırmalardan sonra bu qənaətə gəliblər.
   Şəhər xidmətlərinin qiymətinin aşağı olması turizmin inkişafına təkan verən mühüm amil sayılır. Ona görə də bu ölkələrdə turist biznesi yaxın vaxtlarda, çətin ki, ciddi ziyan çəksin. Hətta turistlər böhran şəraitində belə bu ölkələrə Karlov körpüsünü və ya Vifleyem qülləsini görmək üçün həvəslə gedirlər. Praqada istirahət etməyin gündəlik orta qiyməti 162 dollar, Lissabonda isə 183 dollara bərabərdir. ABŞ-ın Nyu-York şəhəri isə ən bahalı meqapolis hesab olunub. Burada turistin az-çox normal istirahəti üçün gündə 458 dollar lazımdır.
   Ekspertlərin rəyincə, bu il istirahətə gedənlər marşrutların seçilməsinə çox diqqətli olmalıdırlar. Builki istirahət mövsümündə qiymətlər son dərəcə qeyri-sabit olacaq. Avropanın şəhərləri arasındakı qiymət fərqləri hətta turist bazarının ən təcrübəli analitiklərini belə təəccübləndirib.