Prezident İlham Əliyev: «Turizmin inkişafı Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsi, ölkəmizin beynəlxalq imici və dünyaya inteqrasiyası üçün çox mühüm vasitədir» 
   
   Bu gün ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri iqtisadiyyatın qeyri-neft sahələrinin ahəngdar inkişafının təmin edilməsi ilə bağlıdır. Bu sırada turizm sektoru xüsusi önəm kəsb edir. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir.
   
   
   Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.
   Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, turizm sektorunda da geniş islahatlar aparılıb. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi fəaliyyətə başladıqdan sonra qısa müddət ərzində turizm sahəsində hüquqi-normativ bazanın yaradılması üçün vacib sənədlər hazırlanıb və təsdiq edilib. 2001-ci ildə Azərbaycan Dünya Turizm Təşkilatına üzv qəbul olunub. "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası ölkədə turizm sənayesinin inkişafına təkan verib.
   Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifələrdən biri olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə yeni imkanlar yaradır. Bu yaxınlarda (6 aprel 2010) dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu imkanların reallaşmasına geniş meydan açır.
   Prezident İlham Əliyev öz çıxışlarında turizmin inkişafının əhəmiyyətini xüsusi olaraq vurğulayır. Bu məsələ regionların sosial-iqtisadi proqramlarının mühüm istiqamətlərindən biridir.
   2007-ci ildə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu məsələ ilə bağlı demişdir: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var. Azərbaycanda güclü turizm mərkəzinin yaradılması üçün bütün işlər ən yüksək səviyyədə görülməlidir. Turizmin inkişafı üçün bütün şərait var və lazımi göstərişlər də verilib».
   Ötən müddətdə ölkə başçısının bu rəhbər göstərişlərinə uyğun olaraq turizmin inkişafı yönündə məqsədyönlü işlər görülüb, turizm sektorunun rəqabətə davamlılığı xeyli dərəcədə təmin edilib. Təsadüfi deyil ki, son illər dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycan uğurla təmsil olunub.
   Azərbaycanın regionlarında təbiətin zənginliyi və rəngarəngliyi turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Regionların inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən təxminən 30-u turizmə həsr olunub. Proqramın icrası ilə əlaqədar mütəmadi olaraq bölgələrə səfər edən ölkə başçısı müxtəlif turizm obyektlərinin açılışında da iştirak edir, bu sahənin daha səmərəli inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verir.
   Artıq bir sıra rayonlarda turizm infrastrukturunun yaradılması istiqamətində müəyyən işlər görülüb. Bu sahədə Quba, Xaçmaz, Qusar, Lənkəran, Qax və s. rayonlarda həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Həmin bölgələrdə yerli əhali artıq kənd turizmi ilə məşğul olaraq ilin bütün mövsümlərində yerli və xarici turistlərə yaşayış, yemək, hətta ekskursiya xidmətləri göstərirlər. Nəzərə alaq ki, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən - iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.