Nyu-Yorkda ABŞ-ın 2010-cu il Milli Kitab Mükafatının (National Book Award) laureatları elan edilib. Ən nüfuzlu «Bədii ədəbiyyat» nominasiyasında Ceymi Qordon «Lord of Misrule» əsəri ilə qalib adını qazanıb. Geniş oxucu kütləsi arasında o qədər populyar olmayan Qordonun qələbəsi çoxları üçün gözlənilməz olub.
   Həmin nominasiyada qələbəyə ən potensial namizəd Layonel Şrayver («So Much for That» romanı) və Nikol Krauss («Great House») sayılırdılar. Qordonun özü də mükafat alacağını gözləmədiyini deyib.
   «Sənədli ədəbiyyat» nominasiyasında ən yaxşı əsər adına müğənni və şairə Patti Smitin 1960-cı illərin Nyu-Yorku barədə memuarları layiq görülüb.
   Katrin Erskin «Mockingbird» romanına görə «Uşaqlar üçün ədəbiyyat» nominasiyasında birinci olub. Terrens Heys və onun «Lighthead» şeir toplusu «Poeziya» nominasiyasında qalib gəlib.
   «Amerikan ədəbi mühitinə xarüqəladə xidmətlərinə görə» fəxri mükafatı Tom Vulfa, habelə «Sesame Street»in («Sezam küçəsi») müəlliflərindən biri Coan Hans Kuniyə verilib.
   Milli Kitab Mükafatı (National Book Award) Pulitser mükafatı ilə bərabər ABŞ-ın ən nüfuzlu ədəbi mükafatlarından biridir. Bu il həmin mükafat 61-ci dəfə verilib.
   Laueratlara bürünc heykəlcik və 10 min dollarlıq çek təqdim olunub.