Ötən həftə Yaponiyanın paytaxtı Tokioda Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 6-cı iclası keçirilib. Tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov da olub. M.Qəhrəmanovun verdiyi məlumata görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası çərçivəsində dövlət və özəl sektorunun nümayəndələrinin iştirakı ilə İnvestisiya Forumu keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti geniş şəkildə təqdimat edib. AZPROMO-nun prezidenti A.Məmmədovun başladığı təqdimat İnformasiya və Texnologiyalar, Mədəniyyət və Turizm, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Dövlət Neft Şirkətinin nümayəndələri tərəfindən davam etdirilib. Azərbaycanda turizmin hazırkı inkişafı, təqdim olunan mövcud turizm məhsulları və bu sahə üzrə investisiya layihələrinə dair məlumatlar M.Qəhrəmanovun təqdimatında öz əksini tapıb: «Forum iştirakçılarına yapon və ingilis dillərində ölkəmizin turizm potensialı ilə bağlı müxtəlif çeşidli çap məhsulları və 40 ədəd CD formatında disklər paylanıldı. Bununla yanaşı, təqdimatdan öncə 55 saniyəlik reklam çarxı, forumun sonunda isə 10 dəqiqəlik film nümayiş olundu».
   Bundan əlavə, Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 6-cı iclası keçirilib. İclasda komissiyanın əvvəl qəbul etdiyi qətnamə üzrə ikitərəfli əməkdaşlıq çərçivəsində görulən işlər barəsində hesabatlar dinlənilib və gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
   M.Qəhrəmanov tədbir çərçivəsində JAİCA-nın Şərqi və Orta Asiya və Qafqaz Departamentinin baş direktorunun müavini Kamiya Katsuhito ilə görüşüb, onun təmsil etdiyi təşkilat tərəfindən GUAM çərçivəsində regional turizm məhsulunun yaradılması ilə bağlı gələcək əməkdaşlığa dair müzakirələr apardığını da dedi.
   
   Fəxriyyə Abdullayeva