(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova)
   
   Dayansın boz qurdum, çaşdı xəyalım!
   Bir içim su verin, pozuldu halım!
   Türk oğlu yerlərdə qalıb, dardadır!
   Tezcə soraq salın, Mete hardadır!?
   Hardadır Atilla, o yel qanadlım?
   Oğuz tayfalarım, süvarim, atlım?
   Bilgə Xaqan sorun, nə yol göstərir?
   Düşmən tapdağında yaram qan verir!
   Yer xan, Göy xan gəlsin üstümə mənim!
   Ulduz xan yetişsin tüstümə mənim!
   Qorqud ərənləri qutardımı, de?
   Fatehlər doğulan diyardımı, de?
   Məmləkətim niyə qul oldu yada?
   Nə idi günahım fani dünyada?
   Aslanlar Aslanı Teymurləng hanı,
   Ey, bəşər övladı, sən türkü tanı!
   Manas gələr sənə divan etməyə!
   Əlində qılıncı cövlan etməyə!
   Sultan Bəyazidi yadına sal bir,
   Unutmusan deyən, sayqısız səfil!
   Topun lüləsini kəsən İsmayıl,
   Doğrayar bu ərzi, yatmısan ayıl!
   Şah babamdan qürur, ad qalıb mənə!
   Qəhrəmanlıq ölmür, kafir, bilsənə!
   Fateh dünyaları fəth eyləmişdir,
   Yurdu qorumağı əhd eyləmişdi!
   Babək, Cavanşir qürurum mənim!
   Yasar, olacağıq canına qənim!
   Koroğlu silkələr ərzi, bunu bil!
   Özgə qismətinə göz dikən qafil!
   Həzilər, Mehdilər doğan xalqdı bu,
   Aslanı döyüşdə boğan xalqdı bu!
   Səttar xan, Bağır xan qulağı səsdə,
   Sanki Təxti çıxdı dəmir qəfəsdən!
   Qəhrəman Mübariz dadıma çatdı!
   Min ildir alışan oduma çatdı!
   
   Ər ana doğmuşdu bu ər oğulu,
   Yazıram adına mərdlik nağılı!
   «Ağ atlı oğlan»dı sevdiyi nağıl,
   Koroğlu gücüylə böyüdü oğul!
   Atası qəhrəman böyüsün deyə,
   Mübariz adını verdi körpəyə.
   Nağıllarla yaşa doldu qəhrəman,
   Oğul təki verdi yurda imtahan!
   Ana qürur duyur onun adıyla!
   Vətən fəxr eyləyir bu övladıyla!
   Aldı yağıları başına igid,
   Çaldı torpağıma, daşıma igid!
   Mübariz sevdiyi torpaqdı, torpaq,
   Üstündə düşmənlər yeriyir ancaq!
   Torpağın haqqı var, yerin haqqı var,
   Təəssüf bilməyir bunu bu yasar!
   Əmanət qoymuşam o yurdu, bilin!
   Ordakı ruhlar da, bir ordu bilin!
   Bir vaxt duracaqdı ayağa ruhlar!
   Çarən olmayacaq o zaman, yasar!
   Vətən torpağını sevən igidlər!
   Eşit, olacaqlar bir gün səfərbər!
   Ruhlar oğullara yar olacaqdır!
   Bu dünya başına dar olacaqdır!
   Unutdun haqqımı yaramaz dığa!
   Çörək verdik nahaq sən tək alçağa!
   Xalqın bağırından qopan oğullar!
   Sənin pisliyini sanma unudar!
   Udmadı etdiyin yamanlıqları,
   Mübariz - bu yurdun fəxri, vüqarı!
   Çox-çox mübarizlər yatır kölgədə,
   Axırın çatıbdır, ey haramzadə!
   İtil torpağımdan, çəkil geriyə!
   Qorx o gündən, yatmış vulkan yeriyə!
   Alıb qasırğalar, süpürər səni,
   Əjdaha çeynəyib tüpürər səni!
   Səbrin də həddi var, gözlə düşmənim!
   Deyəcək sözümü mərdlərim mənim!
   Olacaq tayfana əsgərim qənim!
   Məğlub olmaz sənə mənim Vətənim!
   
   Mübariz, adınla fəxr etdim, inan!
   Yüz ili bir gündə fəth etdin, inan!
   Səninlə öyünür ana Vətənim!
   Yurdun düşməninə sən oldun qənim!
   Adın əsrlərə yazıldı şahid!
   Şərəfli igidsən, şərəfli şəhid!
   Türkün yaddaşında nur kimi saçdın!
   Adınla bir yeni səhifə açdın!
   Bir göz qırpımında sərhədi keçdin!
   Sayğısız düşməni atəşlə biçdin!
   Sərdin zərbələrlə yağını yerə!
   Nümunə göstərdin o gün bəşərə!
   Təkbaşına çaldın düşmənə zəfər!
   Mərdliyin söyləndi dillərdə əzbər!
   Getdiyin yollar da köməyin oldu,
   Bu sənin öz arzun, istəyin oldu,
   Türklüyün adını qaytardın geri!
   Eşqini, odunu qaytardın geri!
   Adına min əhsən söylədi dillər!
   Azəri yurdunu tanıdı ellər!
   Cənnət məkanında sən rahat uyu!
   Ey igid millətin igid, ər oğlu!
   Ərlərin adını yaşadır ellər!
   Eşqinlə döyünür bu gün könüllər!
   Çoxlu mübarizlər yetirər Vətən,
   Qəhrəman adınla fəxr edirəm mən!
   Susdurdun igidim neçə haqsızı,
   Bu ana torpağın oğulu, qızı,
   Ruhuna rəhmətlər oxuyur sənin!
   Qəlblərdədir hər vaxt yerin, məskənin