Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır.
   Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır.
   
   Ekskursiya xidmətinin keyfiyyəti bələdçilərin peşə hazırlığından asılıdır
   
   Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov deyir ki, ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Bu, həm yerli turistlər, həm də ölkəmizə gələn xarici turistlər üçün eyni dərəcədə gərəklidir: «Turizm sektorunda ekskursiya xidməti mühüm əhəmiyyət kəsb edir. Bu xidmət informasiya-məlumatlandırıcı, təbliğat vasitəsi olmaqla yanaşı, həmçinin təşkilati, vasitəçi, ticarət, idman-əyləncə, bəzi hallarda operativ-nəzarət fəaliyyətini də əhatə edir. Yaxın məsafəli və qısa müddətli səyahətlər zamanı ekskursiya fəaliyyəti məhdudlaşır və turistlər yalnız gəldiyi yerin tarixi və mədəni obyektləri ilə tanış ola bilirlər. Belə halda informasiya-məlumatlandırıcı və reklam-təbliğat işi üstünlük təşkil edir. Uzun müddətli səyahətlər zamanı isə ekskursiya xidməti kompleks fəaliyyətdən ibarət olur. Təşkil olunmuş tədbirlərin proqram və tərkibindən asılı olaraq bələdçilər bu işdə mühüm rol oynayırlar. Ekskursiya bələdçisi tədbirin əsas təşkilatçısı və icraçısı olur, turistlər hər hansı bir obyektə, muzeyə baş çəkdiyi zaman o, tərcüməçi kimi də çıxış edir».
   Ekskursiya xidmətinin keyfiyyəti bu gün ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi, təşkilatçılıq bacarığı ilə müəyyən edilir. Böyük bədii qalereyalar, ixtisaslaşmış muzeylər, sərgi salonları, yarmarkalar və digər turizm müəssisələri öz işini mükəmməl bilən ixtisaslı ekskursiya bələdçilərinin xidmətlərindən istifadə edirlər.
   Həmsöhbətimiz deyir ki, turist qrupunda ekskursiyaçıların sayı, onun tərkibi, turistlərin milli mənsubiyyəti də ekskursiya xidmətinin keyfiyyətinə təsir göstərir: «Kiçik qrupu idarə etmək daha asandır və belə qrupa yaxşı nəzarət etmək olur. Əksinə, böyük qruplara rəhbərlik etmək çətinləşir. Belə halda turistlərin bir qismi üçün bədii qalereya, digərləri üçün tarixi abidələr, üçüncülər üçün isə ticarət obyektləri maraqlı ola bilər. Hamının istəyini yerinə yetirmək üçün ekskursiya bələdçisi bir növ dirijor rolunu ifa etməli və vaxtı elə bölüşdürməlidir ki, hər bir turist öz xüsusi istehlakçı zövqünü təmin etsin, yəni istədiyi yerə gedə bilsin, istədiyini görə bilsin. Belə hallarda yüksək xidmət səviyyəsini saxlamaq üçün ekskursiya bələdçisindən səbr, yüksək ünsiyyət mədəniyyəti və nəzakət tələb olunur».
   
   Qarşılanma - turistlər üçün ilk təəssürat
   
   Mütəxəssisin fikrincə, ekskursiya xidmətinin keyfiyyəti turist qruplarının qəbulu və yola salınması, turistlərin yerləşdirilməsi, qidalanması, onların ekskursiyalarda və digər tədbirlərdə iştirakı ilə müəyyən olunur: «Ekskursiya bələdçiləri turistlərə göstərilən əsas və əlavə xidmətlər haqqında məlumatlarla, qrup rəhbərinin hüquq və vəzifələri, turistlərin turizm kompleksində qalma proqramı və digər sənədlərlə yaxından tanış olmalıdırlar. Bundan əlavə, bələdçilər turistlərin gəlmə gününü, vaxtı və yerini, turistləri ölkəyə, əraziyə gətirən nəqliyyatın növünü, qrupu qarşılayan nəqliyyatı, yerləşdiyi mehmanxananın adını, ünvanını və təşkil olunmuş turist qruplarının xidmətinə aid olan hər bir şeyi bilməlidir».
   Turistlərdə gəldiyi ölkənin qonaqpərvərliyi haqqında ilk təəssürat onların qarşılanması zamanı yaranır. Bu mərhələdə turistlər onlara tanış olmayan mühitə düşür və ölkənin dilini bilmədikləri üçün sərhəd və gömrük işçiləri ilə münasibətlərdə çətinlik çəkirlər. S.Rəhimovun dediyinə görə, bu halda da onların köməyinə bələdçi gəlməli, bütün məsələlərin həllində turistlərə yardımçı olmalıdır: «Turizm iqtisadi proseslərin üstünlük təşkil etdiyi sahədir. Bu, ekskursiya bələdçisindən nəinki zəngin ümumi mədəniyyətə, həm də əsaslı iqtisadi hazırlığa malik olmağı tələb edir. Çünki o, müəyyən marşrut üzrə səyahət proqramını, ekskursiya qiymət cədvəlini, maliyyə hesabatlarını tərtib etməyi bacarmalıdır.
   Bələdçinin xarici dil hazırlığı da əsas şərtdir, əks halda, o, xarici turistlərlə birbaşa əlaqə yarada bilməz. Bələdçi nə qədər çox dil bilirsə, turizm mütəxəssisi kimi öz ölkəsinin nüfuzunu daha da yüksəltmiş olur.
   Bələdçi üçün xarici turistlərin milli istehlakını, mədəni məişətini, adət və ənənələrini bilmək çox önəmlidir. Ekskursiya xidməti prosesində o, qrupun sosial-psixoloji durumu ilə yaxından tanış olmalıdır. Çünki vaxtında turistlərin zövqlərinə, istəklərinə və əhval-ruhiyyəsinə öz münasibətini bildirməlidir. Bir sözlə, turistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik və təcrübəsindən çox asılıdır».
   
   Fəxriyyə Abdullayeva