ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalı dünyanın önəmli şəhərlərinin yeni reytinqini açıqlayıb. Sakinlərinin sayı 1 milyon nəfərdən artıq olan şəhərləri tədqiq edən jurnalın ekspertləri 65 şəhəri iqtisadiyyat, maliyyə, infrastruktur, kommunikasiyalar, mədəniyyət, sosial həyat, turizmin inkişafı və s. baxımdan sıralayıb. Nəzərə alınan amillər arasında şəhərlərdəki hava və dəniz limanlarında daşımaların illik həcmi, iqtisadi durum, biznes azadlığı kimi ünsürlər də var.
   Reytinqin ilk onluğundakı 5 şəhər Asiya-Sakit Okean bölgəsindədir. Siyahıya Nyu York, London və Tokio başçılıq edir. İlk onluqda sonrakı yerləri Paris, Honkonq, Çikaqo, Los-Anceles, Sinqapur, Sidney və Seul tutub.
   İstanbul isə sakinlərin sayı baxımından 21-ci, adambaşına düşən gəlirlər sarıdan isə 30-cu yeri tutub. Dünyadakı önəmi və qloballaşma səviyyəsinə görə isə İstanbul 41-ci yerdədir.
   "Kənddən şəhərə köç davam etdikcə maliyyə və sosial inkişaf Qərbdən Şərqə doğru axın edəcək. Buna rəğmən Nyu York, London, Tokio və Paris kimi şəhərlər qlobal dünyadakı mövqelərini qoruyacaqlar. Nyu York fond və maliyyə birjaları ilə işgüzar həyat, Tokio "Forbes 500" siyahısında təmsil olunduğu şirkətlərin sayı, London beynəlxalq turizmin mərkəzlərindən biri kimi həddən ziyadə önəm daşıyır"- deyə jurnal yazır. Dünya miqyaslı şəhər sayılmaq üçün sakinlərin sayı yetərli deyil. Ən gur şəhərlərdən sayılan Kəraçi reytinqdə 60-cı, Laqos 59-cu, Kəlküttə isə 63-cü yerdədir.
   "Foreign Policy" ekspertlərinin hesablamalarına görə, müsəlman aləmindəki şəhərlər arasında milyarderlərin sayına görə İstanbul lider mövqe tutur.
   Dünya iqtisadiyyatının 30 faizini 100 şəhər təmin edir, Nyu York şəhərinin iqtisadiyyatı isə Afrikanın 43 ölkəsinin iqtisadiyyatlarının toplam həcmindən də böyükdür. Honkonq isə hər il Hindistan əhalisinin sayı qədər turist qəbul edir.

    Fəxriyyə Abdullayeva