GUAM Katibliyinin baş qərargahında GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində tərəflərin turizmin inkişafı ilə əlaqədar görüşü keçirilib.    
   Görüşdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili, təşkilatın proqramlarının əlaqələndiricisi Səbuhi Temirov, Yaponiya tərəfdən bu ölkənin Ukraynadakı səfirliyinin əməkdaşı D.Kitade, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşı Y.Dou və Təkamül Turizmi İnstitutunun professoru T.Kobayaşi iştirak ediblər.
   Yaponiya nümayəndələri görüşdə Azərbaycan və Ukraynaya səfərləri barədə məlumat verib, bu ölkələrə yapon turistlərinin cəlb olunması üçün tövsiyələrini veriblər.
   Görüşdə turizm üzrə işçi qrupunun iyun ayında Bakıda keçirilmiş iclasında GUAM-Yaponiya birgə turizm məhsulunun reallaşdırılması üzrə planın yerinə yetirilməsi, turizm agentliklərinin sentyabrın 24-dən 26-dək Tokioda keçiriləcək «CATA-2010» Beynəlxalq Turizm Sərgisində birgə iştirakı və digər məsələlər müzakirə olunub. 
   
    Fəxriyyə Abdullayeva