2010-cu ilin sonunadək dünya turizminin əsas statistikası bu olacaq
      
   Dünya Turizm Təşkilatının (DTT) hesablamalarına görə, 2010-cu ildə dünya üzrə 1 milyarddan artıq turist səfəri olacaq. Təşkilatın yaydığı məlumatda bildirilir ki, dünya turizmi bu səfərlərdən 1,1 trilyon dollar gəlir əldə edəcək. 2020-ci ilə qədər isə dünyada hər ildə 2 milyarda yaxın turist səfərləri gözlənilir.
   
   Təşkilatın hesablamalarına görə, 2009-cu ildə 130 milyard dollar nəqliyyat xərclərini çıxmaqla, dünya turistləri yalnız istirahətə 682 milyard dollar pul xərcləyiblər. Ümumilikdə götürdükdə isə bir gün ərzində turistlər 2 milyard dollar pul xərcləyirlər. Ən çox məbləğ Avropa ölkələrinə gələn turistlərin payına düşür - təxminən 347 milyard dollar. İkinci yerdə Amerikanı özlərinə istirahət məkanı seçən turistlərin xərclədiyi məbləğ tutur. Bu, 145 milyard dollardır. Üçüncü yerin sahibi 139 milyard dollarla Asiya və Sakit okean adalarıdır. Yaxın Şərq ölkələri dördüncü və nəhayət, 21 milyard dollarla Afrika ölkələri beşinci yerdə qərarlaşır.
   2010-cu ilin ilk aylarının nəticələrinə görə isə beynəlxalq turist gəlişi dünya üzrə 7%, Avropa üzrə isə 3% artıb. 2010-cu il üçün beynəlxalq turist axınının 3%-dən 4%-dək artması gözlənilir. Ən güclü turist axınının bərpası Asiya və Sakit okean regionları üçün proqnozlaşdırılır. Artımın Afrika üçün də müsbət nəticələr göstərməsi nəticəsində bunun Yaxın Şərqə də mümkün təsirləri ola bilər. Avropa və Amerikaya gəldikdə isə bu regionlarda turist axınının cüzi də olsa artacağı gözlənilir.
   DTT-nin məlumatında o da bildirilir ki, hazırda turizm dünyada geniş miqyasda inkişaf edən biznes sahələrindən birinə çevrilib. Bunun nəticəsində də dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin 3-də biri beynəlxlq turizm vasitəsilə həyata keçirilir. Dünya üzrə əmək qabiliyyətli əhalinin 1/8-i turizm sektorunda çalışır. Yoxsulluğun aradan qaldırılması, ətraf mühitin qorunması, məşğulluğun artırılması ilə bağlı dünyada mövcud olan qlobal problemlərin həllində turizm ən önəmli vasitələrdən birinə çevrilib.

  Fəxriyyə Abdullayeva