Turizm İnstitutuna ən yüksək balla daxil olmuş gənclər istək və niyyətlərini bizimlə bölüşdülər
   
   Azərbaycan Turizm İnstitutu ölkənin ali məktəbləri sırasına 2006-cı ildə qoşulsa da, fəaliyyət göstərdiyi qısa müddət ərzində özünə layiqli nüfuz və reytinq qazanıb. Bu il institutun ilk məzunları və peşə həyatına vəsiqə alıblar.
   
   Yeni dərs ilində institutun tələbəsi adını qazanan 320 nəfərdən 16-sı qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Bu faktı institutda yeni dərs ilinin açılışında etdiyi çıxışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də yüksək qiymətləndirib: «Bilik və savad sözün əsl mənasında mübarizə deməkdir. Mən bu yolda sizin hamınıza böyük uğurlar diləyirəm və fəxr edirəm ki, Turizm İnstitutunun bilik və savad prinsipləri artıq ölkədə böyük əks-səda doğurub. İnstitutun tələbələri yüksək ali təhsillə bərabər, xaricdə təcrübə keçmək imkanı da əldə ediblər. Ən yaxşı tələbələr Türkiyədə, İsraildə, Yunanıstanda, İsveçrədə, Portuqaliyada və Almaniyada təcrübə keçirlər. Bu il tələbələrimizi təcrübə keçmək üçün Kanada və ABŞ-a da göndərmək fikrimiz var. Mən inanıram ki, bu təhsil ocağının yetirmələri Azərbaycanın inkişafına, çiçəklənməsinə töhfələr verəcək savadlı və bacarıqlı kadrlar olacaqlar”.
   Turizm İnstitutunun rektoru Cəfər Cəfərov ali məktəbdə yüksək ixtisaslı təhsil üçün hər cür şərait yaradıldığını, son illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının reytinq cədvəllərində bu təhsil ocağının 3-5-7-ci yerləri tutduğunu deyir: «İnstitutumuz on illərlə təcrübəsi olan ali məktəblərlə bir sırada layiqli yer tutur. Bu baxımdan institutun birinci kurs tələbələrini təbrik etmək istəyirəm. İnanıram ki, onlar öz seçimlərində yanılmayacaqlar, öz bilik və bacarıqlarınızı artıraraq ölkəmizin turizm sektorunda bacarıqla çalışacaqlar».
   Qeyd edək ki, yüksək balla instituta daxil olan tələbələrin əksəriyyəti iqtisadiyyatın təşkili və idarəedilməsi fakültəsinin menecment ixtisasını seçib. Onların fikirləri bizim üçün maraqlı olduğundan bu tələbələrin bir qrupunu redaksiyamıza dəvət etdik.
   Babayev Baba 650 balla iqtisadiyyatın təşkili və idarəedilməsi fakültəsinə daxil olub. Bakının Xətai rayonunda təhsil alıb. Dediyinə görə, Azərbaycan Turizm İnstitutunda oxumaq onun arzusu olub: «Ölkəmizdə turizm sahəsinin perspektivli olması və bu sahədə mövcud kadr çatışmazlığı problemindən xəbərdaram. Düşünürəm ki, səhv seçim etməmişəm. Əsas məqsədim yaxşı bir mütəxəssis kimi yetişməkdir». B.Babayev üçün turizm sektorunda hansı istiqamət üzrə çalışmağın fərqi yoxdur. Əsas odur ki, seçdiyi sahə üzrə əsl mütəxəssis olub Azərbaycana xidmət edə bilsin. Onun üçün imtahanın elə bir qorxusu da olmayıb: “İmtahan cavabları çıxanda bildim ki, bir neçə sualın cavabını səhv yazmışam. Bununla belə, topladığım 650 bal mənə istədiyim ixtisası seçməyə imkan verirdi».
   Buttayev İsrail 645 balla ATİ-nin tələbəsi olub. Orta təhsilini Balakən rayonunda alan İsrail bu ali təhsil ocağını seçməsinin səbəbini özünəməxsus tərzdə izah etdi: «Hələ orta məktəbdə oxuyanda sinif yoldaşlarımla hansı ali məktəbdə oxuyacağımızla bağlı müzakirələr aparırdıq. Mən həmişə birinci Turizm İnstitutunun adını çəkirdim. Çünki burada yüksək səviyyədə təhsil verildiyini eşitmişdim. Bir də onu bilirdim ki, ATİ-dən xaricə getmək imkanları var. Mənimsə ən böyük arzularımdan biri təhsilimi xarici ölkələrdən birində davam etdirməkdir».
   Samir Şahbazlı orta məktəbi Sumqayıt şəhərində bitirib. Qəbul imtahanında 619 bal toplayıb. İxtisas seçimi edəndə də birinci ATİ-nin adını yazıb: «Turizm sahəsində çalışmağı çox istəyirəm. Gün-gündən ölkəmizdə turizm şirkətlərinin və hotellərin sayı artır. Bu sahənin perspektivli və maraqlı bir sahə olduğunu düşünürəm. Ona görə də qarşıdakı dörd illik bakalavr, iki illik də magistratura təhsilində yaxşı bir mütəxəssis kimi yetişməyi və turizm bir şirkətlərindən birində çalışmağı məqsəd olaraq qarşıma qoymuşam». Samirin bir arzusu da var. O gələcəkdə turizm şirkətinin əsasını qoymaq və ölkəmizə çoxlu xarici turist gətirmək niyyətindədir.
   Növbəti həmsöhbətim Taleh Vahabzadədir. İnstituta 615 balla daxil olub. Taleh deyir ki, turizm sahəsi Azərbaycanda yenicə inkişaf edir. Bu baxımdan da indi ölkəmizdə bu sahədə kadr çatışmazlığı mövcuddur. Deyir ki, ali məktəbi bitirəndən sonra onun üçün iş tapmaq çətin olmayacaq. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin turizm imkanlarının çox geniş olduğunu deyən Talehin ən böyük arzusu torpaqlarımız işğaldan azad olunandan sonra orada turizm mütəxəssisi kimi çalışmaqdır.
   Qəbul imtahanlarında 610 bal toplayan Rəşad Ramazanlı Qəbələ rayonunda doğulub böyüyüb, orta təhsilini də elə orda alıb. Bəlkə elə Rəşadın turizm sahəsinə olan marağının səbəbi də budur. Çünki özünün də dediyi kimi, Qəbələ Azərbaycanın turizm baxımından ən çox inkişaf etmiş rayonlarından biridir. Yaxşı mütəxəssis olmaq Rəşadın da böyük arzusudur: «Ümumiyyətlə, mən fikirləşirəm ki, yaxşı mütəxəssis olmadan heç bir sahədə irəli getmək, nailiyyət əldə etmək mümkün deyil. Ona görə də ali təhsil almaq üçün Turizm İnstitutunu seçdim. Burada dərslərin Avropa təhsil sisteminə uyğun keçildiyini bilirəm».
   Seymur Xanəhmədlini ATİ-yə gətirən səbəb isə bu ali təhsil müəssisəsinin Avstriyanın Krems Universiteti ilə əməkdaşlığı və institutun məzunlarının eyni zamanda iki diplom ala bilməsidir. 605 balla ATİ-nin tələbəsi olan Seymur deyir ki, buranı həm də valideynlərinin məsləhəti ilə seçib. O da digər yoldaşları kimi turizm üzrə mütəxəssis olub ölkəmizdə çalışmaq niyyətindədir.
   Biz də «Mədəniyyət» qəzeti olaraq müstəqil həyatda hələ ilkin addımlarını atan bu gənclərə uğurlar arzulayırıq.
   
   Fəxriyyə Abdullayeva