Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra, bir sıra istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yeni münasibətlərin qurulması, gənclərimizə xaricdə təhsil almaq şansı verib. Azərbaycanın ali təhsil müəssisələri ilə xarici ölkələrin universitetləri arasında əlaqələr getdikcə möhkəmlənir. Öz təhsilini ölkədən kənarda davam etdirmək istəyənlərin üzünə qapılarını açan nüfuzlu təhsil müəssisələrindən biri də Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetidir. İndiyədək Bakı Dövlət Universiteti və Azərbaycan Universiteti ilə əməkdaşlıq edən təhsil ocağı bu günlərdə Azərbaycan Turizm İnstitutu ilə də müqavilə imzalayıb. Sənəd bakalavr və gələcəkdə magistr təhsili sahəsində əməkdaşlığı ehtiva edir. Müqavilə ölkəmizin turizm potensialının Şimali Kiprdə yüksək səviyyədə tanıdılmasına da zəmin olacaq.
   Qeyd edək ki, hazırda Doğu Akdeniz Universiteti modern ali təhsil ocağı olaraq Beynəlxalq Universitetlər Assosiasiyasının, İslam Ölkələri Universitetlər Federasiyasının və Avropa Universitetlər Assosiasiyasının üzvüdür.

Fəxriyyə Abdullayeva