Dekabrın 20-də Bakıdakı HB Tibb Mərkəzində «Millennium Tourism & Kongress DMC» şirkətinin müalicəvi turizmlə bağlı yeni layihəsinin təqdimatı keçirildi. Tanınmış iranlı həkim Cəlal Şahbazi tədbir iştirakçılarına «Savalan» su terapiyası kompleksi haqqında məlumat verdi. Onun dediyinə görə, bu müalicə mərkəzi Ərdəbilin 23 kilometrliyində yerləşən Sareyn şəhərindədir. Sareyn şəhəri özünün müalicəvi kurortları ilə məşhurdur. 1990-cı ildə İranda baş verən zəlzələdən sonra bu ərazidə çoxlu sayda isti və mineral suların mənbəyi yaranıb. Nəticədə bu kiçik şəhər kurort mərkəzinə çevrilib. Sareyn şəhərində 9 istisu mənbəyi var ki, bunlardan da ən istisi 67 dərəcədir. Burada həmçinin soyuq su mənbələri də var. Sareyn suları əsəb, ürək, böyrək, mədə-bağırsaq və s. xəstəliklərin dərmanıdır. «Savalan» müalicə kompleksində xəstələr müasir tibbi üsullarla yüksək səviyyəli tibb mütəxəssislərinin nəzarəti altında su terapiyası və fizioterapiya qəbul edir.
   «Millennium Tourism & Kongress DMC» şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, şirkət Sareyn şəhərinə 3 tur təqdim edir. Onlardan birincisi 7 gün 6 gecə, ikincisi 11 gün 10 gecə, üçüncüsü isə 15 gün 14 gecədir. Turların qiyməti müvafiq olaraq 280, 420 və 560 manatdır. Qeyd edək ki, bu qiymətlərə mehmanxanada qalmaq, gündə 3 dəfə yemək, müayinə, su terapiyası, fizioterapiya və masaj daxildir. Turlar 2011-ci il martın 1-nə qədər davam edəcək.

   Fəxriyyə Abdullayeva