«Monolit plaza» biznes mərkəzində «Elite Travel» turizm şirkətinin təşkilatçılığı ilə «EliteTravelClub»un təqdimat mərasimi keçirilib. 
   
   Tədbiri giriş sözü ilə açan «Elite Travel» turizm şirkətinin direktoru Fərid Hüseynov yeni klubla bağlı məlumat verib. Onun sözlərinə görə, klubu açmaqda məqsəd səyahət həvəskarlarını bir yerə toplamaq, yeni əlaqələrə yol açmaqdır: «Klubun üzvü olanlar müxtəlif bonuslar qazanmaq imkanı əldə edəcəklər. Buraya aviabiletlərə, turpaketlərə endirimlər, aeroporta pulsuz getmə, həmçinin də pulsuz tibbi sığorta daxildir».
   Tədbirdə eyni zamanda İsmayıllı rayonunda fəaliyyət göstərən «Şato Monolit» istirahət mərkəzində keçiriləcək Yeni il şənliyi barədə də məlumat verilib. «Elite Travel» turizm şirkətinin daxili turizm üzrə meneceri Fuad Rəsulov bildirib ki, adıçəkilən məkanda Azərbaycanda ilk dəfə olaraq Yeni il şənliyi fransızsayağı qeyd ediləcək, İvanovka kəndinin artistləri Şaxta baba və Qar qız obrazında çıxış edəcəklər.