Qusar rayonu ərazisində inşa olunan Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin birinci mərhələsi başa çatmaq üzrədir. Kompleksdə kanat yollarının konstruksiyası, xizək yolları, süni qar yaradan generatorlar artıq hazırdır. Hotel və digər xidmət mərkəzlərinin tikinti işləri isə davam edir.
   Burada inşa olunan tikililər 9 bal gücündə zəlzələyə davamlıdır. Gələn ilin sonlarında 600-1200 metr uzunluğunda olan 2 kanat yolunun tam hazır olması planlaşdırılıb. Xizək yollarının hamarlaşdırılması işi də son mərhələyə yaxınlaşır.
   Kompleks iki hissədən - yuxarı və aşağı bazadan ibarətdir.
   Avropada analoqu olmayan bu kompleks ümumilikdə 2000 hektar ərazini əhatə edir. Kompleksin ən aşağı hissəsi dəniz səviyyəsindən 1435 metr, ən yüksək nöqtəsi isə 2450 metr hündürlükdə yerləşir. Ən yüksək nöqtədə 300 nəfərlik restoran tikiləcək.
   Əraziyə qaz xəttinin çəkilişi artıq yekunlaşdırılıb. Gələcəkdə içməli su xətlərinin çəkilməsi və mərkəzləşdirilmiş istilik sisteminin quraşdırılması nəzərdə tutulur.