İsmayıllıya gələn turistlərin sayı ildən-ilə artır. Təkcə 2010-cu ildə rayona 25 min nəfərdən çox turist gəlib. Bu, əvvəlki ildə gələn turistlərin sayından 15 min nəfər çoxdur.
   İsmayıllı nəinki daxili, habelə xarici turistləri təkcə əsrarəngiz təbiəti, gözəl flora və faunası ilə yox, həm də qədim və orta əsrlərə dair çoxsaylı tarixi və mədəniyyət abidələri ilə də cəlb edir. Hazırda rayonda dövlət qeydiyyatında olan 238 abidə var. Bu abidələrin 108-i qədim yaşayış məskəni olan Lahıc qəsəbəsindədir. 2010-cu ildə İsmayıllıda daha 55 abidə aşkarlanıb ki, onların siyahısı qeydiyyat üçün Mədəniyyət və Turizim Nazirliyinə göndərilib. Bu abidələrdən 2-si qazıntı zamanı təsadüfən tapılan və eramızdan əvvəl II minilliyə aid edilən Pirdinar və Şəbiyan kəndlərinin ərazilərindəki qədim yaşayış məskənləridir. Son illər rayonda turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 

 Fəxriyyə Abdullayeva