Yanvarın 27-də Moskvada «Ritz-Carlton» hotelində işgüzar turizmə həsr olunmuş workshop keçirilib. Rusiya Turizm Sənayesi İttifaqı və Rusiya Milli Turizm Ofisləri Assosiasiyası tərəfindən təşkil edilən sərgi bu il yeddinci dəfədir ki, baş tutur.
   
   İştirakçılarının sayı getdikcə artan sərgidə bu il dünyanın 35 ölkəsindən 106 iştirakçı işgüzar turizmə aid məhsullarını təqdim edib.
   Azərbaycanı adıçəkilən tədbirdə Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Zakir Əliyev təmsil edib. Mərkəzdən qəzetimizə verilən məlumata görə, Z.Əliyev sərgi çərçivəsində Rusiya Turizm Sənayesi İttifaqının prezidenti, Moskva şəhər Turizm Komitəsinin sədri Serqey Şpilko, Rusiya Turizm Sənayesi İttifaqının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Valeri Korovkin və Rusiya Milli Turizm Təşkilatları Assosiasiyasının prezidenti Andjee Serakovski ilə görüşüb. Görüşün əsas müzakirə mövzusu turizm sahəsi üzrə qarşılıqlı əməkdaşlıq və Moskva şəhərində Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndəliyinin açılması məsələləri olub.
   Sərgini bir sıra ölkələrin milli turizm ofislərinin rəhbərləri və onların Rusiyadakı nümayəndəliklərinin əməkdaşları ziyarət ediblər. İştirakçılar 7-ci Workshop MICE-ni Rusiya turizm sənayesinin inkişafı baxımından yüksək qiymətləndiriblər. Bu tədbir eyni zamanda Rusiya Milli Turizm İdarələri Assosiasiyasının digər ölkələrin müvafiq qurumları ilə geniş əməkdaşlığının qurulması istiqamətində mühüm addım hesab edilir.

  Fəxriyyə Abdullayeva