Dünyanın turizm sahəsindən yüksək miqdarda gəlir götürən 10 ölkəsindən biri də Türkiyədir. Bu ölkə dövlət büdcəsinin 4 faizini turizm sahəsindən əldə etdiyi gəlir hesabına formalaşdırır. 2010-cu ildə Türkiyə turizmdən 23 milyard dollar gəlir götürüb. Ötən il ölkəyə gələn turistlərin sayında 2009-cu ilə nisbətən artım müşahidə olunmasa da, ekspertlər dünyada baş verən maliyyə böhranı fonunda bu nəticəni yüksək qiymətləndirirlər.
   Onu da qeyd edək ki, Türkiyədə dövlət və özəl sektor bu sahədə müştərək işləyir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunun 2023-cü ilədək (həmin il Türkiyədə Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olunacaq - red.) olan dövr üçün inkişaf konsepsiyasını qəbul edib. 16 bölmədən ibarət konsepsiya Türkiyədə turizm biznesinin indiki vəziyyəti və perspektivlərini əks etdirir. Konsepsiyanın əsas məqsədi ölkənin turizm kurortlarının rentabelliyini artırmaq, onları dünyada daha da geniş tanıtmaq və turist cəlbini artırmaqla bu biznesin daha yüksək inkişafına nail olmaqdır.

Fəxriyyə Abdullayeva