Fevralın 23-də Küveytin paytaxtı Əl-Küveyt şəhərində beynəlxalq sərgi açılıb.
   Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Hindistan, Suriya və digər ölkələr iştirak edirlər.
   Sərginin Azərbaycan guşəsində ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildönümü və Prezident İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi ilə əlaqədar respublikamızın qədim tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizm potensialı, mətbəxi, sürətlə inkişaf edən iqtisadiyyatı, həyata keçirilən demokratik islahatlarla bağlı məlumatlar, fotoşəkillər, film, eləcə də sənətkarlarımızın əl işləri nümayiş etdirilir.
   Beynəlxalq şərgidə nümayiş etdirilən Azərbaycan pavilyonunu gün ərzində yüzlərlə insan ziyarət edib.
   Azərbaycan pavilyonuna böyük maraq göstərən ziyarətçilər arasında Küveytin informasiya naziri Sabah Əl-Xalid Əl-Həməd Əl-Sabah, bu ölkədə səfərdə olan Böyük Britaniyanın sabiq baş naziri, tanınmış ictimai-siyasi xadim Con Meycor və İraqın tanınmış hüquqşünası və ictimai xadimi Münir Əl-Həddad da olublar.
   Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev C.Meycora ölkəmizin qədim tarixi haqqında məlumat verib.
   C.Meycor Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar xalqımızı təbrik edib, səmimi salamlarını Azərbaycan prezidentinə çatdırmağı xahiş edib.
   Sərgi fevralın 25-də başa çatacaq.