«Turizmə dəstək» Gənclər Koalisiyası Azərbaycan turizminin imkanları, problemlər və qarşıda duran məsələləri müzakirə etmək məqsədilə «Turizmdə keyfiyyət: problemlər və perspektivlər» adlı konfrans keçirdi. 
   
   «Gəncliyə Yardım Fondu»da keçirilən tədbirdə koalisiyanın koordinatoru Ramiz Alıyev çıxış edərək, 2011-ci ilin «Turizm ili» elan edilməsinin gənclər təşkilatları tərəfindən təqdirlə qarşılandığını vurğuladı. Bu sahəyə müvafiq töhfə vermək üçün “Turizmə dəstək» Gənclər Koalisiyasının təşkil olunduğunu nəzərə çatdıran natiq keçiriləcək tədbirlərdən danışdı. O, koalisiyanın Bakı Şəhər Təhsil İdarəsi ilə birlikdə orta məktəblərdə turizm mövzusunda inşa yazı müsabiqəsi keçirəcəyini, Rəssamlar İttifaqı ilə birgə «Rənglərin dili» adlı rəsm müsabiqəsi təşkil edəcəyini dedi. Bundan əlavə, «Yaşıl turizm hədəfimizdir» layihəsi çərçivəsində Qusar rayonuna, «Şahdağ» qış-yay turizm kompleksinə səfər, Qəbələ və Qobustanın tarixi-mədəni obyektlərinə turist turlarının, Astara rayonunda «Çayçılıq və turizm» layihəsi, 22 iyul - Milli Mətbuat Günü münasibətilə «Jurnalist: turizmdə maarifçi bələdçi» məqalə müsabiqəsinin keçirilməsi və s. nəzərdə tutulub.
   Tədbirdə çıxış edən millət vəkili Sevinc Hüseynova gənclərin turizmə dəstək olmalarını sevindirici hal kimi qiymətləndirdi.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Vüqar Şıxəmmədov isə “Turizm ili”nin uğurla gerçəkləşəcəyinə əmin olduğunu vurğuladı. Mədəniyyət və Turizm Nazirliyinin «Turizmə dəstək» Gənclər Koalisiyası ilə sıx əməkdaşlıq edəcəyini dedi.  

  Gülər