Aprelin 28-30-da Bakıda «AİTF-2011» Beynəlxalq Səyahətlər və Turizm Sərgisi ilə bərabər II Respublika Daxili Turizm Sərgisi də keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədovun bildirdiyinə görə, sərginin keçirilməsində məqsəd Azərbaycanın regionlarını və bölgələrimizin turizm potensialını tanıtmaqdır. Daxili turizm sərgisində ümumilikdə 18 stend qurulacaq. Bunlardan 15-də Azərbaycanın müxtəlif regionlarının turizm imkanları nümayiş olunacaq, 3-də isə Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq, həmçinin Şahdağ yay-qış turizm kompleksi haqqında geniş məlumatlar fotoşəkillərin müşayiəti ilə təqdim ediləcək.
   V.Şıxəmmədov bildirdi ki, builki daxili turizm sərgisində daha bir yenilik «Yeni yaradılan infrastruktur» adlı stendin təqdimatı olacaq. Stenddə yeni tikilən mehmanxanalar haqqında məlumatlar əksini tapacaq. Bunun üçün 30 kvadrat metr sahə ayrılacaq. Ümumilikdə isə daxili turizm sərgisinə 580 kvadrat metr sahənin ayrılması nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin stendində Azərbaycan Turizm İnstitutu da təmsil olunacaq. Sərgidə Qusar, İsmayıllı, Lənkəran və Qarabağ folklor ansamblları müxtəlif proqramlarla çıxış edəcək.
   Üç gün davam edəcək sərgi müddətində ziyarətçilər Azərbaycanın 15 bölgəsinin (Bakı-Abşeron, Quba-Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Gəncə, Qarabağ, Naxçıvan, Masallı, Lənkəran, Lerik) turizm potensialı, 83 mehmanxana və mehmanxana tipli obyekti barədə məlumat alacaqlar.

 Fəxriyyə Abdullayeva