28 May - Respublika Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, “Millennium Tourism & Congress DMC”nin təşkilatçılığı ilə Xəzər dənizində kruiz keçirildi. “General Əsədov” gəmisində 200 nəfərin iştirak etdiyi dəniz gəzintisi rəngarəng proqramlarla yadda qaldı. Gəzintinin iştirakçıları arasında Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, xarici qonaqlar, media təmsilçiləri də vardı.  

  Azərbaycanın torpağı da, suyu da zəngin turizm mənbəyidir
   
   Tədbiri «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev açaraq bildirdi ki, 28 May Azərbaycan xalqının tarixinə müstəqillik və şərəf səhifəsi kimi yazılıb: «Bu tarixi əlamətdar gün kimi qeyd etmək vətəndaş olaraq hər birimizin borcudur. Çünki, məhz 1918-ci ilin 28 mayından sonra azadlığın nə demək olduğunu dərk etdik. O dövrdə qurulan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, 1991-cı ildə yenidən əldə etdiyimiz və bu gün qürur duyduğumuz müstəqillik yeni Azərbaycan dövlətinin bünövrəsi oldu”.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov tədbir iştirakçılarını Xalq Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə təbrik etdi. Böyük tarixə malik Azərbaycanın əlverişli təbii şəraiti, geniş turizm imkanlarının olduğunu vurğulayan M.Qəhrəmanovun sözlərinə görə, ölkəmizin Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədinin olması turizm üçün də münasib zəmin yaradır: “Biz bu potensialdan istifadə edərək, Azərbaycanın yaxın illərdə regionda ən müasir və inkişaf etmiş turizm ölkəsinə çevrilməsinə nail olmalıyıq. Bu istiqamətdə dövlətimiz tərəfindən bir çox işlər görülür. Son illər qəbul edilən qanunlar, dövlət başçısı tərəfindən imzalanan sərəncamlar və 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan olunması bunu deməyə əsas verir. Əsas məqsədimiz ölkəmizdə mövcud olan turizm potensialını daha geniş miqyasda, müvafiq tədbirlərlə, müxtəlif vasitələrlə tanıtmaqdır».
   
   Kruiz zamanı «Skal Bakı»nın toplantısı da oldu
   
   Kruizə start veriləndən sonra «General Əsədov» gəmisində «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun növbəti, 9-cu toplantısı keçirildi. Toplantıda çıxış edən «Skal Bakı»nın prezidenti Ruslan Quliyev skalçıların Respublika Günü münasibətilə təşkil edilən kruiz çərçivəsində toplanmasının əlamətdar hadisə olduğunu bildirdi. 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan olunması ilə bağlı müxtəlif silsilə tədbirlər həyata keçirildiyini nəzərə çatdıran R.Quliyev 2012-ci ildə «Eurovision» beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin də turizm sektoru üçün əlavə fəaliyyət imkanları açdığını vurğuladı: “Bununla bağlı turizm fəaliyyəti ilə məşğul olan təşkilatların qarşısında duran vəzifələr və görüləcək işlər müzakirə olunmalıdır”.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov bildirdi ki, “Turizm ili”nin əsas hədəfi, ölkəmizdə mövcud olan turizm potensialının bütün vasitələrdən istifadə etməklə daha geniş miqyasda təbliği, yeni potensialların üzə çıxarılması, bu sahədə maraqlı olan dünya səviyyəli ekspertlərin ölkəmizə cəlb olunması və yeni layihələrin həyata keçirilməsidir: «Skal İnternational» dünyadakı turizm professionallarının birliyidir. Məqsədimiz «Skal Bakı»nın köməyi ilə “Turizm ili” çərçivəsində mövcud potensialdan istifadə edərək ekspertlərin marağını ölkəmizə cəlb etmək, turizm sahəsində uğurlar əldə etmiş ölkələrin təcrübəsinə istinad edərək Azərbaycanı gözəl bir turizm məkanı kimi tanıtmaqdır. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi geniş miqyaslı işlər görür. İndi bizim əsas hədəfimiz turizmdə xidmət səviyyəsinin qaldırılması və turizm sahəsində çalışanların peşə hazırlığının yaxşılaşdırılmasıdır. Bu il «Eurovision»da Azərbaycan nümayəndəsinin qələbəsi turizm sahəsində çalışanlar üçün də böyük bayramdır. Növbəti il həm imtahan, həm də ölkəmizə gələn turistlərin sayının artırılmasına rəvac verən bir vasitədir. Yarışmada iştirak etmək üçün ölkəmizə gələn turistlərə yüksək səviyyədə xidmət göstərilməsini, Bakı şəhərində yerləşdirilməsini təmin etməklə bərabər, onları Azərbaycan haqqında yüksək təəssüratlarla, yaxşı xatirələrlə, mədəniyyətimizi, irsimizi, mətbəximizi yadda saxlamaqla yola salmaq niyyətindəyik. Məqsədimiz turizm sahəsində çalışan bütün insanları, skal üzvlərini, qeyri-hökumət təşkilatlarını bu işə cəlb etmək, müxtəlif turizm marşrutları yaratmaq, daha maraqlı proqramları ortaya atmaqdır».
   «Turizmə dəstək» Gənclər Koalisiyasının rəhbəri Ramiz Alıyev, «Avropa» hotelinin baş müdiri Tolqa Akkaş və digər iştirakçılar çıxış edərək müzakirə olunan məsələlərlə bağlı təklif və rəylərini bildirdilər.
   Sonra kruiz iştirakçıları estrada qruplarının ifalarını dinlədilər. Altı saat davam edən dəniz turu iştirakçılarda zəngin təəssürat yaratdı.

   Fəxriyyə Abdullayeva