Azərbaycanlı turistlərə Qara dəniz sahilində istirahət üçün turpaketlər təklif edilir
   
   İyunun 3-də «Qafqaz Point» hotelində Azərbaycanın «NTA travel» və Gürcüstanın «N-tur» şirkətləri ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə təqdimat və seminar keçirəcək. Tədbirdə «Gürcüstanın Qara dəniz sahillərində istirahət» turizm məhsulunun təqdimatı olacaq. İştirakçılar eyni zamanda Gürcüstanın beşulduzlu «Şeraton Batumi» və «Georgiya Palace Hotel Kabuleti», dördulduzlu «İnturist Batumi» və «Sanapiro» hotelləri haqqında ətraflı məlumatlarla tanış ola biləcəklər.
   «NTA travel» turizm şirkətindən qəzetimizə daxil olan məlumata görə, iyunun 18-dən Bakı-Batumi-Bakı birbaşa çarter reysləri açılacaq. Reyslər həftədə 4 dəfə - 1, 3, 5 və 6-cı günlər reallaşdırılacaq. Azərbaycanlı turistlərə 1 həftəlik, 10 günlük və 12 günlük turpaketlər təklif edilir.
   
   Fəxriyyə