Vasif Əhmədov: «İstirahət mərkəzlərində gündəlik 40 manatdan yuxarı qiymət olmayacaq»
   
   Yay turizm mövsümünün başlanması ərəfəsində bölgələrdəki bir çox turizm obyektlərində artıq canlanma hiss olunur. 2011-ci ilin “Turizm ili” elan olunmasını nəzərə alan istirahət mərkəzləri turistlər üçün öncəki illərə nisbətən daha əlverişli imkanlar yaradılacağını bildirirlər. Xaçmaz rayonunda yerləşən turizm obyektləri də bu il istirahət həvəskarlarına endirimlər vəd edir.
   
   Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədovun bildirdiyinə görə, rayondakı turizm obyektləri bu il daha çox turist qəbul etməyə hazırlaşır: «Bu ilin «Turizm ili» elan olunması bizim üçün böyük hadisədir. Bunun ardınca Azərbaycanın «Eurovision» qalibiyyəti ölkəmizə xarici turist axınına da təkan olacaq. Bunu nəzərə alaraq biz də bölgəmizə daha çox turist gələcəyini gözləyirik və buna hazırlıq görürük”.
   Yerli turistlərə gəlincə, V.Əhmədovun sözlərinə görə, ötən il Xaçmaz Turizm İnformasiya Mərkəzində 15 min 235 nəfər yerli turist qeydə alınıb: “Lakin bu, sadəcə, bizdə olan rəsmi statistikadır, gerçəkdə isə turistlərin sayı daha çoxdur. İstirahətə gələnlərin bir hissəsi kənd evlərində yerləşir ki, onlardan da statistik məlumat almaq çətindir. Kənd evlərində istirahət daha ucuz başa gəldiyi üçün turistlərin bir qismi buna üstünlük verir. Digər qisim isə daha sərbəst, asudə istirahət üçün kənd evlərini üstün tutur. Hotel şəraitində restoranda yeməlisən, hamının qaldığı istirahət mərkəzində olmalısan. Kənd evlərində öz mətbəxləri, manqalları və s. olur. Odur ki, bir çox ailələr kənd evində özünü tam rahat və sərbəst hiss edir”.
   Qiymətlərə gəldikdə isə, V.Əhmədov bildirdi ki, Xaçmaz rayonundakı istirahət mərkəzlərinin baha olması ilə səslənən fikirlərlə razı deyil: “Qiymət müvafiq xidmətə görə müəyyənləşir. İndi bir çoxları deyir ki, Xaçmaz rayonunda dincəlmək baha başa gəlir. Halbuki bizdə elə yerlər var ki, bir nəfərin bir günlük istirahəti yemək daxil olmaqla 13 manata başa gəlir. Amma bunlar əlbəttə ki, yüksək səviyyəli hotellərdən fərqlənirlər. Sadə otaq, sadə çarpayı və s. Hotellərdə istirahətə gəlincə, deyim ki, bu il əvvəlki illərlə müqayisədə qiymət endirimi olacaq. Gündə 3 dəfə yemək, müxtəlif növ əyləncələr daxil olmaqla qiymət 28-40 manat arasında olacaq. Bu il 40 manatdan yuxarı qiymət olmayacaq. Biz internet vasitəsilə mövcud hotellər, xidmətlər barəsində məlumatları ötürürük. İstirahət mərkəzlərinin rəhbərləri ilə danışmışıq. Qiymətlər tənzimlənməlidir”.
   V.Əhmədov onu da bildirdi ki, həmkarlar təşkilatları vasitəsilə «göndəriş» əldə etməklə daha ucuz istirahət etmək mümkündür. Bu halda, məsələn, 600 manatlıq istirahət paketini 300 manata əldə etmək olar.
   Qeyd edək ki, hər yay mövsümündə gənclər daha çox Xaçmaz rayonunun Nabran qəsəbəsində istirahətə üstünlük verirlər. V.Əhmədov bunu bölgədə gənclərin istirahəti üçün geniş şərait və imkanlar yaradılması ilə izah edir: “Bu səbəbdən də hər yay bir çox gənclər istirahət üçün məhz Nabrana gəlirlər”.
   
   Gülər