Mütəxəssislərin fikrincə, turizm terminlərindən bəhs edən nəşrlərin yenilənməsinə ehtiyac var
   
   2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi kütləvi informasiya vasitələrinin də bu sahəyə diqqətini artırıb. Mətbuatda və efirdə turizm mövzusunda yazı və verilişlərin çoxalması bir məsələni də aktuallaşdırıb. 
   Bu, jurnalistlərin, eləcə də bəzi ekspertlərin turizm terminlərindən nə dərəcədə doğru-düzgün istifadə etməsi ilə bağlıdır. Bu isə öz növbəsində turizm mövzusunda maarifləndirmə işinin genişləndirilməsini, adıçəkilən sahəyə dair izahlı lüğətlərin yenilənməsini və s. zəruri edir.
   
   Turizmlə bağlı geniş maarifləndirməyə ehtiyac var
   
   Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov qeyd edir ki, son zamanlar hətta turizm sahəsində çalışan şəxslər də fikir və ifadələrində böyük təhriflərə yol verirlər. Mütəxəssisin fikrincə, ümumən cəmiyyətdə turizmlə bağlı geniş maarifləndirmə işinin aparılmasının vaxtı çoxdan çatıb: «Bu, turizm mövzusunda yazan jurnalistlərə xüsusilə aiddir. Hələ bir neçə il əvvəl turizm üzrə mütəxəssislər Sabir Rəhimov və Cabir Məmmədov turizm terminlərindən ibarət lüğət hazırlayıblar. Amma təəssüf ki, turizm fəaliyyəti ilə məşğul olanların çoxu həmin lüğətə müraciət etmir. Eyni zamanda o lüğətin də təkmilləşməsinə ehtiyac var. Yəqin ki, müəlliflər bu barədə düşünürlər. Bununla belə, bu, dəyərli bir vəsaitdir”.
   Turizm terminlərindən qeyri-düzgün istifadənin səbəblərinə gəlincə, B.Bilalov deyir ki, bu, ilk növbədə turizm sahəsinin Azərbaycan üçün nisbətən yeni olması ilə bağlıdır: “Düzdür, sovet dövründə respublikamızda turizm müəyyən inkişaf yolu keçib. Xüsusilə ötən əsrin 70-ci illərində, bir çox sahələr kimi, bu sahədə ciddi irəliləyiş olmuşdu. Bakıda çoxsaylı xarici turist qruplarını görmək olardı. Sadəcə, o vaxt bütün bu məsələlər Moskvada həll olunurdu. Turizmlə bağlı əksər nəşrlər, vəsaitlər də rus dilində idi. Bu gün Azərbaycan müstəqil dövlətdir. Ölkəmizə turistlərin gəlişi, onların turist məhsulları ilə təminatı, bu sahədə vəsaitlər, nəşrlər və s. - bütün bunları özümüz tənzimləyirik. Bu baxımdan bu sahəyə yeni gələn, turizmdən yazan, ələlxüsus da turizm barədə ekspert kimi danışan şəxslərin ifadə və terminlərdən düzgün istifadə etməsi vacibdir. Mən şahidi olmuşam ki, bir konfransda turizmlə bağlı tədqiqat aparan alim «turizm məhsulu» terminini rus dilindən «turizm ərzağı» deyə tərcümə edib».
   Mütəxəssis bildirir ki, jurnalistlər də bu məsələdə diqqətli olmalıdırlar. Jurnalistin müsahibi hansısa ifadəni yanlış işlədə bilər, həmin ifadə qəzet səhifəsinə çıxarılmazdan öncə ciddi redaktə olunmalı, daha dəqiq, doğru ifadə ilə əvəzlənməlidir: “Məsələn, qəzetlərdə yazılır ki, iyunun 15-də Azərbaycanda turizm mövsümü açılacaq. Halbuki burada ümumilikdə turizm mövsümündən deyil, yay turizm mövsümüdən söhbət gedir. Bu yaxınlarda televiziyalardan birinə verilişə dəvət edilmişdim. Aparıcı mənə belə bir sualla müraciət etdi: «Azərbaycanın turizm bazarını dünya bazarına çıxarmaq üçün nə etmək lazımdır?» Mən də cavab verdim ki, bazar bazara çıxmır. Söhbət Azərbaycanın turizm məhsullarının dünya turizm bazarına çıxmasından getməlidir. Bu baxımdan hesab edirəm ki, turizm fəaliyyəti ilə məşğul olanlar ifadələrə, terminlərə xüsusi diqqət yetirməlidir».
   
   Sahə inkişaf etdikcə yeni terminlər ortaya çıxır
   
   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov turizm terminləri ilə bağlı bir neçə kitabın müəlliflərindəndir. Onun sözlərinə görə, turizm terminləri bu sahənin əlifbasıdır. Turizm sahəsində çalışanlar bu əlifbanı mütləq bilməlidir: “2000-ci ildə coğrafiyaşünas alim Cabir Məmmədovla «Turizm və onunla əlaqəli sahələrdə işlədilən termin və anlayışların izahlı lüğəti» adlı kitab çap etdik. Sonra «Turizm terminləri və anlayışların ensiklopedik lüğəti» adlı daha bir kitabımız nəşr olundu. Sonuncu dəfə isə təkcə mənim müəllifliyimlə «Turizmin texnoloji terminləri» adlı kitab çıxdı. Bu kitablardan dərs vəsaiti kimi bəzi ali təhsil müəssisələrində istifadə olunur. Məsələn, Bakı Dövlət Universitetində turizm və ekskursiya işinin təşkilindən dərs keçəndə biz ora terminlərə aid 4-6 saat vaxt ayırırıq. Turizm sektorunda çalışanlar bu sahənin incəliklərini öyrənmək üçün müvafiq terminləri dəqiq bilməlidirlər”.
   Mütəxəssis bildirir ki, turizm terminlərinə dair nəşrlərin yenilənməsinə və təkrar çapına ehtiyac var: «İndi «Turizmin texnoloji terminləri» kitabını tapmaq mümkün deyil. Tələbələr onu əldə edəndə surətini çıxarırlar. Mən bu kitabı o zaman öz vəsaitimlə az sayda çap etdirə bilmişdim. Turizm sahəsi inkişaf etdikcə yeni terminlər də ortaya çıxır, ona görə də lüğət də yenilənməlidir. Fikrimcə, bu məsələyə diqqət ayrılsa, daha yaxşı olardı”.
   

   Fəxriyyə Abdullayeva