Məlum olduğu kimi, bu il Bakıda 5 yeni beşulduzlu beynəlxalq şəbəkə hoteli fəaliyyətə başlayacaq. Bu hotellərdən biri - «Marriott İnternational» şəbəkəsinə məxsus olan “JW Marriott Absheron Baku” hoteli dekabr ayında ilk qonaqlarını qəbul edəcək.
   
   243 nömrəlik bu mehmanxana Bakının Azadlıq meydanında, keçmiş “Abşeron” hotelinin yerində inşa edilir. Hotelin çoxsaylı restoran və barları qonaqların xidmətində olacaq. Mehmanxanada qonaqların istirahəti üçün təmtəraqlı spa-salon, fitnes mərkəzi və 22-ci mərtəbədə hovuz təklif ediləcək. Bundan əlavə, mehmanxanada müşavirələr keçirilməsi üçün 1800 kvadratmetr sahə, o cümlədən pəncərələri Azadlıq meydanına açılan geniş (1200 kvadratmetr), sütunsuz müsamirə salonu olacaq.
   Qeyd edək ki, “JW Marriott” lüks-brendi 2012-ci ilin sonuna qədər ayrı-ayrı ölkələrdə 12 yeni hotel açılmasını planlaşdırır. Nəticədə “JW Marriott”un dünyanın 27 ölkəsində 64 hotel və kurortu olacaq. Şirkət bu il Azərbaycanla yanaşı, Hindistanda (Banqalor, Çandiqarx) və Türkiyədə (Ankara) yeni hotellər istifadəyə vermək niyyətindədir. Peruda, Birləşmiş Ərəb Əmirliklərində, Hindistanda, Nyu-York beynəlxalq hava limanında, Vyetnamda, Cənubi Koreyada və Maldivdə ucaldılan mehmanxanalar 2012-ci ildə müsafirləri qəbul etməyə başlayacaq.

  Fəxriyyə Abdullayeva