Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və səfirliyin ikinci katibi Qinqa Kobayaşi Azərbaycan Turizm İnstitutunun qonağı olub. 
   İnstitutdan verilən məlumata görə, ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonaqlara təhsil ocağının fəaliyyəti, dünyanın tanınmış ali məktəbləri ilə əlaqələri, tələbə-müəllim mübadiləsi sahəsindəki əməkdaşlığın faydalı nəticələri barədə məlumat verib.
   Səfir Şusuke Vatanabe səmimi qarşılandıqları üçün təşəkkür edərək, Azərbaycan-Yaponiya diplomatik əlaqələrindən söz açıb. Azərbaycanın sürətli inkişafından məmnunluğunu bildirən qonaq Yaponiyanın güzəştli kreditlər, ümumi qrantlar, texniki əməkdaşlıq, “Ot kökləri” qrant yardımı kimi proqramları sahəsində ölkəmizlə əməkdaşlığından danışıb. O, yapon mədəniyyətinin Azərbaycanda təbliği, yapon dilinin tədrisi və tələbə mübadiləsinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə zəmin yarada biləcəyini vurğulayıb.
   Ötən həftə ATİ-nin daha bir qonağı Türkiyənin Nevşehir Universitetinin rektoru, professor Filiz Kılıç olub. ATİ-nin rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycanda turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsindəki fəaliyyətindən danışıb.
   Öz növbəsində F.Kılıç universitetlər arasındakı əməkdaşlıq perspektivlərindən danışaraq bildirib ki, Nevşehir Turizm İdarəçiliyi və Hotelçilik Kolleci ilə əməkdaşlıq ATİ tələbələrinin gələcəkdə uğur qazanmasına yardımçı olardı. O, eyni zamanda ATİ ilə tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını da bildirib.
   Rektor Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Nevşehir Universitetində 6 mindən çox tələbənin təhsil aldığını ATİ rəhbərliyinin diqqətə çatdırıb və bildirib ki, bu təhsil müəssisəsinə 4 fakültə, 1 kollec, 3 peşə məktəbi, 2 institut, 1 elmi-tədqiqat mərkəzi daxildir. 

  Fəxriyyə Abdullayeva