Qonşu ölkəyə gələn hər dörd turistdən biri Azərbaycan vətəndaşıdır
   
   Azərbaycan bu ilin ilk beş ayı ərzində Gürcüstana gedən turistlərin sayına görə ikinci yerdədir. Bu barədə statistika iyunun 12-də Gürcüstanda yay turizm mövsümünün başlanması ilə bağlı keçirilən mərasimdə təqdim olunub. Bildirilib ki, 2011-ci ilin yanvar-may aylarında ölkəyə 879 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz çoxdur. Gürcüstana gələn xarici turistlər arasında lider Türkiyədir (267 min nəfər), daha sonra azərbaycanlı turistlər (243 min) gəlir. Bu dövr ərzində Gürcüstana Rusiyadan 63 minə yaxın, Ukraynadan 19 min turist gəlib. ABŞ-dan gələn turistlərin sayı 17 faiz (9 minə yaxın), Şərqi Asiya ölkələrindən gələnlərin sayı isə 25 faiz (6,6 min) artmışdır. Xatırladaq ki, Gürcüstanın rəsmi məlumatlarına görə, ötən il bu ölkəyə gələn təxminən 2 milyon turistin 498 mini Azərbaycandan olub.