Ölkə daxilində aviareyslərin qiyməti endirildi
   
   Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə əlaqədar, o cümlədən daxili turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə «Azərbaycan Hava Yolları» QSC (AZAL) öz imkanları hesabına ölkə vətəndaşları üçün ölkə daxilində aviareyslərə yeni güzəştli tariflər tətbiq edib.
   AZAL-dan verilən məlumata görə, iyunun 15-dən etibarən Bakı-Gəncə, Bakı-Lənkəran və Bakı-Zaqatala marşrutları üzrə Azərbaycan vətəndaşları üçün bir istiqamətə aviabiletin qiymətləri müvafiq olaraq 40 manat, 25 manat və 35 manat təşkil edir. Sözügedən güzəştli tariflər 2011-ci ilin dekabr ayının 31-dək davam edəcək.
   Qeyd edək ki, bundan öncə Bakı-Gəncə marşrutu üzrə bir istiqamətə biletin qiyməti 56 manat, Bakı-Lənkəran marşrutu üzrə 41 manat, Bakı-Zaqatala marşrutu üzrə isə 52 manat təşkil edirdi.
   
   Fəxriyyə Abdullayeva