İyunun 22-də ABŞ-ın ölkəmizdəki səfirliyinin aqrar məsələlər üzrə konsulu Kley Hamilton Azərbaycan Turizm İnstitutunda olub. 
   İnstitutun mətbuat xidmətindən qəzetimizə daxil olan məlumatda bildirilir ki, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov institutun 5 illik fəaliyyəti dövründə dünyanın təhsil sisteminə inteqrasiyası, beynəlxalq əməkdaşlıq üzrə bağlanmış ikitərəfli müqavilələrin konkret nəticələri ilə bağlı qonağı məlumatlandırıb və rəhbərlik etdiyi ali təhsil ocağının vahid tərkibdə elm-təhsil-tədqiqat formulasının gerçəkləşdirilməsi istiqamətində götürdüyü kursdan söz açıb. Rektor qonağı xüsusilə Tədqiqat və İnkişaf Mərkəzinin səmərəli fəaliyyətini şərtləndirən detallar haqda məlumatlandırıb.
   ATİ-nin prorektoru Eldar Aslanov Kley Hamiltonun aqrar məsələlər üzrə mütəxəssis olmasını nəzərə alaraq, qida təhlükəsizliyini ehtiva edən layihədən gözləntilərə aydınlıq gətirib. Ölkəmizdə qida mühəndisliyi ixtisası üzrə kadr hazırlığının əsasən Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Texnologiya Universitetində, 2010/2011-ci tədris ilindən isə ATİ-də həyata keçirildiyini deyən prorektor bildirib ki, ixtisaslı kadr hazırlığı üzrə təhsilin keyfiyyət göstəriciləri günün tələbləri səviyyəsində təmin edilməlidir.
   Görüşdə əsas müzakirə predmeti olan “Qida təhlükəsizliyində irəliləyiş yolu ilə turizmin inkişafının dəstəklənməsi” layihəsi barədə geniş müzakirələr aparılıb. Sonda qonaq səmimi qarşılandığı və faydalı fikir mübadiləsinə görə ATİ rəhbərliyinə təşəkkürünü bildirib.   

   Fəxriyyə