Prezident İlham Əliyevin Azərbaycanda elmin inkişafına göstərdiyi diqqət sayəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da öz görkəmini dəyişir. Ölkə başçısının 2008-ci il 5 sentyabr və 2009-cu il 21 iyul tarixli sərəncamları ilə ayrılmış vəsait hesabına burada irihəcmli işlər görülür.
   Şamaxı Astrofizika Rəsədxanası 1966-cı ildən fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 1470 metr hündürlükdə Pirqulu dağının zirvəsində yerləşən elmi mərkəz 25 hektar ərazini əhatə edir. Burada Almaniya istehsalı olan 6 teleskopun vasitəsilə tədqiqatlar aparılır. Fəaliyyət göstərdiyi müddətdə rəsədxana nadir elmi tapıntılar, ixtiralarla dünya elminə maraqlı töhfələr verib.
   Şamaxıdan 22 kilometr şimalda, gözəl təbii iqlim şəraitinə malik ərazidə yerləşən bu elmi mərkəz nəinki yerli, beynəlxalq turizm üçün də yüksək potensiala malikdir. Təsadüfi deyil ki, hazırda ərazidə turist şəhərciyi salınır. Şəhərcikdə 10 birmərtəbəli və ikimərtəbəli kottec, 16 yerlik motel, 150 yerlik yeməkxana binası tikilir. Uşaq bağçasının, tibb məntəqəsinin və digər obyektlərin inşası da nəzərdə tutulub. Müasir kommunikasiya sistemləri və yaradılan şərait turistlərə ən yüksək səviyyədə xidmət göstərməyə imkan verəcək.