İsmayıllı rayonu Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiətə, gözəl flora və faunaya malik olan bu diyar qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Təsadüfi deyildir ki, son illər rayona gələn turistlərin sayı sürətlə artır. Belə ki, bu göstərici 2009-cu ildə 15 min nəfər, 2010-cu ildə 25 min nəfər idisə, təkcə bu ilin 6 ayında rayona 27 min 500 nəfər turist gəlib.
   Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi bölgədə bu sahədə infrastrukturun yaxşılaşdırılması və genişləndirilməsinə sürətli təkan verib. Bu gün rayonda 315 otaqdan ibarət 963 yerlik 20 turizm istirahət mərkəzi fəaliyyət göstərir. Hazırda Talıstan kəndinin cənubunda beynəlxalq standartlara cavab verən Turist Hotel İstirahət Mərkəzi tikilməkdədir.