İngilis rəssamı Frensis Bekonun “Triptix, 1986-1987” adlı tablosu ilkin qiyməti 35 milyon funt-sterlinq (47 milyon dollar) olaraq hərraca çıxarılıb. “Christie’s” hərrac evində satış martın 1-də keçiriləcək.

“Frensis Bekonun son böyük sənət nailiyyətlərindən biri kimi qəbul edilən bu əsər zamanın təbiəti və insanın tənhalığı haqqında düşüncələrin nəticəsidir”, – deyə hərrac evindən bildirilib.

Triptixin sol panelindəki kostyumlu kişi təsviri ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə Versal müqaviləsinin (Birinci Dünya müharibəsinin yekunlarına dair) imzalanmasından sonra qəzetdən götürülmüş fotoşəklinə əsaslanır. Sağ paneldəki təsvir sovet Rusiyasının rəhbərlərindən biri, Stalinin əlindən xaricə qaçan Lev Trotski 1940-cı ildə Meksikada öldürüldükdən sonra onun ofisinin fotoşəklindən yaradılıb. Mərkəzi paneldəki adamın üzü isə rəssam Frensis Bekonun yaxın dostu Con Edvardsı xatırladır.

Qeyd edək ki, Frensis Bekon (1909-1992) fiqurativ (obrazlı) sənət ustasıdır. Onun əsərlərində əsas mövzu refraktorlu insan bədənidir. Rəssamın ekstravaqant, bəzən şokedici tabloları kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. 2015-ci ildə rəssamın “Avtoportret üçün iki eskiz” (1977) triptixi Londonda 22,4 milyon dollara satılıb.