Bu gün turizm dünyanın bir çox ölkələrində iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilib. Son illərdə Azərbaycanda da turizmin inkişafı istiqamətində əhəmiyyətli işlər görülür. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün qərarlar qəbul edilir. Nəticədə regionların sosial-iqtisadi inkişafında bu sahə önəmli rol oynamağa başlayıb. Ekspertlərin hesablamalarına görə, Azərbaycanda mövcud imkanlardan səmərəli istifadə edərək ümumi daxili məhsulun 10 faizini turizmdən əldə etmək mümkündür.  

   Dövlət proqramları bölgələrdə turizmə mühüm zəmin yaradır
   
   Azərbaycanın regionlarının turizm imkanları böyükdür. Təsadüfi deyil ki, bu imkanlardan istifadə məsələsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında da əksini tapır. 2004-2008-ci illəri əhatə edən birinci proqram daha çox sosial infrastrukturun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Sənəddə sosial obyektlərin, səhiyyə, təhsil, mədəni-maarif ocaqlarının, yol infrastrukturunun və s. qurulmasına xüsusi önəm verilirdi. Bütün bunlar isə turizm üçün vacib olan məqamlardandır. Bu mənada birinci dövlət proqramı dolayısı ilə turizm üçün baza rolunu oynayacaq müasir infrastrukturun formalaşdırılması ilə xarakterizə olunur.
   2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramı isə daha çox birbaşa turizmlə əlaqəli olan, bu sahəyə xidmət edən infrastrukturun yaradılmasını nəzərdə tutur. Təkcə onu demək kifayətdir ki, hazırda ölkədə təxminən 40-a yaxın müxtəlif ulduzlu mehmanxana və mehmanxana tipli obyektlər tikilir ki, onların hamısı istifadəyə verildikdə Azərbaycanda turist yerləşdirmə yerləri 30 faiz artacaq. Yəni indiki halda təxminən 30 min yataq sayı var, bunun üzərinə 10-12 min yataq sayı gələcək ki, bu da Azərbaycan tarixində rekord göstərici olacaq.
   
   Turizm layihələri və yeni iş yerləri
   
   Müstəqil ekspert hesablamalarına görə, regionlarda yeni iş yerlərinin yaradılmasında turizmin rolu olduqca əhəmiyyətlidir. Bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizm sahəsində çalışanlar ümumi məşğul əhalinin təxminən 10 faizə yaxınını təşkil edə bilər. Göründüyü kimi, kifayət qədər əhəmiyyətli bir sahədən söhbət gedir.
   İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu həm 2011-ci ilin “Turizm ili” elan olunmasını, həm də turizmin regionların sosial-iqtisadi inkişafında əhəmiyyətini nəzərə alaraq turizmlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Fondun vəsaitləri hesabına Lənkəran, Xaçmaz və Şəki şəhərlərində maliyyələşən 4 layihədə 128 yeni iş yerinin açılması nəzərdə tutulur.
   İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, fonda təqdim olunan layihələrin maliyyələşdirilməsində əsas meyarlardan biri kimi məhz neçə yeni iş yerinin yaranacağı götürülür. Maliyyələşdirilmiş layihələrin monitorinqi aparılır və bu zaman nəzarət olunan göstəricilərdən biri də biznes-planda nəzərdə tutulan iş yerlərinin həqiqətən açılıb-açılmamasıdır. Həmçinin yeni yaradılan müəssisələrdə iş yerlərinin daimiliyi də şərtlər sırasındadır: «Layihələrdə yaradılacaq iş yerlərinin neçəsinin daimi, neçəsinin müvəqqəti olacağı da göstərilməlidir».
   
   Qeyri-enerji sektorunun lokomotivi

   
   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, turizmin inkişafında əsas amillərdən biri infrastrukturun qurulmasıdır. Müsahibimiz deyir ki, regionlarda bu məsələ tədricən həllini tapır: «Qaz, işıq, su, yanacaq, yol problemi aradan qaldırılır. Diqqət yetirsək, görərik ki, təxminən 10 il əvvəllə müqayisədə infrastrukturla yanaşı, çoxlu sayda yeni turizm obyektləri inşa edilib istifadəyə verilib. Bu işlər getdikcə genişlənir. Gəncədə, Mingəçevirdə, Lənkəranda, Qəbələdə, Nabranda, Qusarda, Qubada xeyli sayda hotelin açılması onu göstərir ki, iqtisadiyyatda turizmə maraq ildən-ilə artır».
   Assosiasiya təmsilçisi turizmi qeyri-enerji sektorunun lokomotivi sayıla biləcək sahələrdən biri kimi qiymətləndirir: «Turizm həm ekoloji cəhətdən təmizlikdir, həm də yeni iş yerləridir. Regionlarda yeni turizm obyektlərinin açılması insanların işlə təmin olunması, əmək qüvvəsinin ölkədən kənara çıxmaması deməkdir. Mən deyərdim ki, regionlarda turizm obyektlərinin sayı daha da çox olmalı və infrastruktur nəinki ildən-ilə, hətta aydan-aya, gündən-günə inkişaf etdirilməlidir».
   Həmsöhbətimiz inkişaf yolunda problemlərin mövcudluğunu da təbii sayır. Onun sözlərinə görə, kadr çatışmazlığı bu istiqamətdə ən başlıca çətinlikdir: «Regionlarda kadr hazırlığı bir qədər problemlidir. Amma dövlət bu istiqamətdə də iş aparır. Məsələn, Qəbələ və İsmayıllı regionunda kadr hazırlığı daha da mükəmməlləşib. Hər iki regionda turizm peşə liseyi fəaliyyət göstərir. Bu isə yaxın rayonların da kadr tələbatını ödəməkdə əhəmiyyətli rol oynaya bilər. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu, eləcə də Azərbaycan Turizm Assosiasiyası da bu istiqamətdə üzərinə düşən hər şeyi edir».
   
   Turizm sektorunun inkişafı bir çox sahələrin inkişafına təkan verir
   
   “Bu gün dünyada az ölkə tapmaq olar ki, regionları turizm olmadan inkişaf edib. Azərbaycanda bir neçə region üzrə çox sürətli inkişaf gedir. Turizmin inkişafı büdcə gəlirlərinin artmasına, yoxsulluğun və işsizliyin azalmasına səbəb olur”. Bunu isə Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyir. Onun sözlərinə görə, turizm sektorunun inkişafı 50-dək sahənin inkişafına təsir göstərir. Yəni bir turistin ölkəyə gəlişi nəticəsində göstərilən xidmətlərin məcmusu bu qədər sahənin birlikdə təqdim etdiyi xidmətlərin məcmusuna bərabərdir: «Bu baxımdan turizm iqtisadiyyatda sahələrarası katalizator roluna malik sektor kimi qiymətləndirilir. Həm regionların, həm paytaxtların, böyük şəhərlərin inkişafında bu sahənin rolu danılmazdır. Əgər hansısa bir regionu canlandırmaq, orada iqtisadiyyatın sahələrini inkişaf etdirmək, rəqabət qabiliyyətini artırmaq lazımdırsa, orada hökmən turizm sektoruna diqqət yetirilməlidir».
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb.

   Fəxriyyə Abdullayeva