«The Lake Palace Bakı» qonaqlara yüksək səviyyədə xidmət göstərəcək

   İyulun 12-də Bakıda daha bir beşulduzlu hotelin açılış mərasimi keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının və ölkəmizin turizm ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı diplomatik korpuslarının əməkdaşları iştirak ediblər.
   
   Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, ölkə rəhbərliyi tərəfindən 2011-ci ilin «Turizm ili» elan edilməsi Azərbaycanın turizm sektorunda bir sıra yeniliklərin olması ilə yadda qalır. Şöbə müdirinin sözlərinə görə, ölkəmizdə 5 və 4 ulduzlu hotellərin sayının artması Azərbaycanda bu sahənin sürətli inkişafından xəbər verir.
   Qeyd edək ki, «The Lake Palace Bakı» butik tipli hotel olmaqla, 29 nömrədən ibarətdir. Nömrələr Avropa və dünya standartlarına tam cavab verir. Hotelin restoranı, barı, kafesi, fitnes zalı var. «The Lake Palace Bakı» hoteli Bakının mərkəzində Yasamal rayonu ərazisində yerləşir. Gözəl xarici görünüşə malikdir.
   Mədənyyət və Turizm Nazirliyi Turizm şöbəsinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu qəzetimizə açıqlamasında bildirib ki, yeni hotel Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya əsasında fəaliyyət göstərir: «Bu yaxınlarda ulduz dərəcəsi almaqla bağlı hotel rəhbərliyinin müraciətini nəzərə alaraq, nazirliyin ekspert qrupu «The Lake Palace Bakı»ya baxış keçirdi. Məlum oldu ki, hotel beş ulduz səviyyəsinə tamamilə cavab verir. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «The Lake Palace Bakı» hotelinə müvafiq ulduz sertifikatı təqdim olundu. Hotel şəhərimizin qonaqlarına yüksək səviyyədə xidmət göstərmək imkanındadır”.  

   Fəxriyyə Abdullayeva