«Ötən il Azərbaycana gələn əcnəbilər, təxmini hesablamalara görə, 1 milyard 500 milyon manat vəsait xərcləyiblər. Bu, sırf turizm xidmətlərinə görə büdcəyə daxil olan vəsaitdir».
   Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən jurnalistlərə müsahibəsində deyib. Nazirin sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyi Statistika Komitəsi və Dünya Turizm Təşkilatı ilə birlikdə daxili turizm məhsulunun ölçülərinin sistemləşdirilməsinə dair işlər aparır: «Hesab edirəm ki, turizm statistikası ilin axırına kimi təkmilləşəcək”.
   Ə.Qarayev onu da qeyd edib ki, turizm şirkətlərinin, hotellərin əməkdaşlarının turizm təhsilli olmasına dair şərt də lisenziya qaydalarına daxil edilib: «Turizm obyektlərində çalışan məsul işçilərin turizm sahəsi üzrə ali təhsilli olması tələb olunur. Artıq bu işə başlanılıb, müvafiq təşkilatlara tapşırıqlar verilib. Bizə lisenziya üçün müraciət edən şirkətlərlə nazirlik arasında müqavilə imzalanır. Bu müqavilədə bütün şərtlər qeyd olunub».
   Nazir bildirib ki, məsələ qanunvericilikdə əksini tapana qədər bu, şərti qaydada həyata keçiriləcək.